Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bütün uğurlara gedən yol Cəbrayılın işğaldan azad olunmasından başlayıb

Bütün uğurlara gedən yol Cəbrayılın işğaldan azad olunmasından başlayıb


Bu gün, 4 oktyabr - Cəbrayıl Şəhəri Günüdür. Cəbrayıl şəhərinin mənfur erməni işğalından azad edilməsindən 5 il ötür. Və artıq ikinci ildir ki, cəbrayıllılar Cəbrayıl Şəhəri Gününü öz doğma yurdlarında bayram əhval-ruhiyyəsi ilə təntənəli şəkildə qeyd edirlər. Cəbrayıl erməni işğalçılarından təmizlənən ilk böyük şəhərimizdir. 44 günlük Vətən müharibəsindəki bütün sonrakı parlaq qələbələrimiz məhz Cəbrayılın işğaldan azad edilməsi ilə başladı.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun imza atdığı ardıcıl qələbələrin ilk müjdəsini beş il öncə məhz Cəbrayıl şəhərinin azad edilməsi ilə bağlı məşhur qələbə "tvit"i və Cənab Prezidentin çıxışı ilə aldıq. Həmin vaxt bu qələbə xəbərinin Cənab Prezident tərəfindən dövlət televiziyasının efirindən hər saat, hər saniyə açıqlanacağını xüsusi səbirsizliklə gözləyən xalqımız müharibənin səkkizinci günündə Cəbrayıl şəhərinin işğaldan azad edilməsini əsl bayram kimi qarşıladı.

2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu rəsmən elan etdi: “Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”. Beləliklə, Prezidentin Cəbrayıl şəhəri ilə bağlı açıqladığı ilk qələbə xəbəri son 200 illik tariximizin dönüş nöqtəsi oldu.

Ali Baş Komandanımızın qələbə xəbəri ilə çıxış etməsi 30 il torpaq nisgili ilə yaşayan soydaşlarımıza həqiqətən də inanılmaz dərəcədə böyük sevinc hissi yaşatdı. Bu açıqlama Böyük Qələbəyə gedən yolda şəhər və kəndlərimizin işğalçılardan təmizlənməsi barədə ilk müjdə olmaqla yanaşı, həm də sonrakı qələbələrimizin böyük səlnaməsinin ilk səhifəsi oldu. Rəşadətli Ordumuzun Cəbrayıl əməliyyatının tarixi əhəmiyyətini də xüsusilə qeyd etməliyik. Çünki məhz Cəbrayıl azad ediləndən sonra, işğal altında olan digər ərazilərimizin də azad edilməsi üçün uğurlu əks hücum əməliyyatlarını həyata keçirmək mümkün oldu.

Belə ki, Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Həmçinin, Zəngilan, daha sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və keçmiş "Laçın dəhlizi" Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldü. Başqa sözlə desək, Cəbrayılın azad edilməsi işğal altında olan digər ərazilərimizin də azad edilməsi üçün açar rolunu oynadı. Düşmən ordusunun Cəbrayıl ərazisində bir neçə xəttdən ibarət hərbi istehkamlar qurmasına baxmayaraq, şanlı Ordumuz o istehkamları böyük qəhrəmanlıq və fədakarlıqla yararaq bütün Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması üçün yol açdı.

Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edilib. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərimizin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, minlərlə əsgər və zabitimiz Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Dövlətimizin başçısının imzaladığı digər Sərəncama əsasən, Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi ilə 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi təsis edilib və artıq iki ildir ki, bu tarix təntənəli şəkildə qeyd olunur.

44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Cəbrayıl rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Biz bu gün tam əminliklə deyə bilərik ki, Böyük Qayıdışın ən uğurlu ünvanlarından biri də məhz Cəbrayıl şəhəridir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan azad Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin köçürülməsi hazırda uğurla davam edir.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə iyun ayında ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin Cəbrayıl şəhərinə səfəri zamanı orada aparılan genişmiqyaslı quruculuq işlərini mənim də şəxsən əyani izləmək imkanım oldu. Cəbrayıl şəhərində yaşayış kompleksləri və inzibati binaların, orta məktəb və xəstəxananın tikilməsi, tam yeni infrastrukturun qurulması, habelə Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması qalib Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Bütün bu uğurlara gedən yol isə məhz Cəbrayılın işğaldan azad olunmasından başlayıb. Xalqımızı və bütün cəbrayıllıları 4 oktyabr - Cəbrayıl Şəhəri Günü münasibətilə təbrik edirik!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş