
XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində görkəmli bəstəkar, musiqişünas, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin əsas əsəri olan “Azərbaycan xalq musiqisinin əsasları” kitabının Özbəkistan nəşrinin təqdimatı olub.
Newscenter.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Mərkəzin direktoru Akif Marifli salamlama nitqi ilə çıxış edərək kitabın özbək dilində nəşrinin təkcə musiqişünaslıq baxımından deyil, bütövlükdə Azərbaycan və Özbəkistanın mədəni həyatı üçün əlamətdar hadisə olduğunu qeyd edib. O, XX əsrin ortalarında yazılmış və peşəkar Azərbaycan musiqisinin inkişafında mühüm rol oynayan bu əsərin bu gün də öz aktuallığını qoruyub saxladığını vurğulayıb.
A.Marifli kitabın tərcüməsi və nəşrinin tələbələr, tədqiqatçılar və musiqiçilərə Azərbaycan xalq musiqisinin fəlsəfəsini dərindən öyrənmək üçün yeni imkanlar açdığını, eyni zamanda, iki ölkə arasında elmi-mədəni dialoqun möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
O əlavə edib ki, layihə Azərbaycan-Özbəkistan humanitar əməkdaşlığının daha da inkişafına yönəlmiş mədəni diplomatiya sahəsində ardıcıl siyasəti əks etdirir. O, kitabın mütəxəssislər üçün stolüstü dərslik olacağına, musiqi təhsili və elmi tədqiqatlarda istifadə ediləcəyinə əminliyini bildirib.
Filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı-jurnalist Jalə Cəfərova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Əhmədova çıxışlarında əsərin Özbəkistanda konservatoriya və musiqi institutlarında tədris vəsaiti kimi istifadə oluna biləcəyini qeyd ediblər. Bildirilib ki, bu nəşr Şərq musiqi məktəbinin dünya mədəniyyətinə təsirinin öyrənilməsinə yeni imkanlar açır.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov kitabın özbək dilində nəşrinin həm də rəmzi məna daşıdığını vurğulayıb. O bildirib ki, bu, Azərbaycan və Özbəkistanın nəinki ortaq tarixi və mənəvi dəyərləri qoruyub saxladığını, həm də müasir dövrdə onları inkişaf etdirdiyini göstərir. Professor qeyd edib ki, belə layihələr xalqlar arasında dostluğun və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir, eyni zamanda, yeni mədəni təşəbbüslərə yol açır.