Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyimizin xilasının əsasını qoydu

Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyimizin xilasının əsasını qoydu


"1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan dövlətçiliyində böyük bir tarixi mərhələnin və misilsiz uğurların başlanğıcı kimi qiymətləndirilir. Həmin seçkilərdə Ümummilli lider Heydər Əliyevin parlaq qələbə qazanması Azərbaycanın müstəqillik tarixində həlledici dönüş nöqtəsi oldu. 1993-cü ilin may-iyun hadisələrinin ölkədə yaratdığı dərin siyasi, iqtisadi və hərbi böhran fonunda xalqımızın böyük etimad bəslədiyi Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyimizin xilasının, milli qurtuluş yolumuzun əsasını qoydu".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Gəmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş, lakin siyasi hərcmərclik və qeyri-peşəkar idarəçilik səbəbindən dövlətçiliyin iflası ilə üz-üzə qalmış bir ölkə üçün bu seçim - Heydər Əliyevi yekdilliklə siyasətin Zirvəsinə gətirən seçim xalqımızı və dövlətimizi xilasa aparan yeganə yol idi:

"Biz o dövrün canlı şahidləriyik. Səriştəsiz idarəçilik, daxili çəkişmələr, hakimiyyət böhranı və eyni zamanda Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğalının davam etməsi müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətini parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Biz dövlətçiliyimizi yenidən itirmək təhlükəsi ilə üzləşmişdik. Həmin ağır, böhranlı günlərdə dövlət strukturları tamamilə iflic vəziyyətinə düşmüşdü. Belə bir kritik şəraitdə Azərbaycanı təhlükəli vəziyyətdən yalnız güclü siyasi iradəyə və böyük idarəetmə təcrübəsinə, liderlik keyfiyyətlərinə malik bir şəxs çıxara bilərdi. O şəxs də məhz Ulu Öndər Heydər Əliyev idi".

Komitə sədri qeyd edib ki, 1993-cü ilin iyun ayında xalqımızın xüsusi təkidi ilə AXC hakimiyyəti tərəfindən Bakıya dəvət olunan və Milli Məclisin qərarı ilə ölkənin rəhbərliyinə gətirilən Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə tezliklə ölkəmizdə sabitlik bərpa olunmağa başladı:

"Funksionallığını itirməkdə və parçalanmaqda olan dövlətimiz Ümumilli liderin güclü iradəsi sayəsində yenidən toparlandı, möhkəmlənməyə başladı. Vətəndaş müharibəsinin qarşısı alındı. Siyasi və iqtisadi böhranın aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görüldü. Həmçinin, ordu quruculuğu sahəsində mühüm addımlar atıldı, yüksək döyüş qabiliyyətli nizami ordunun yaradılmasının əsası qoyuldu.

Eyni zamanda, Ümummili liderimizin fəal diplomatiyası nəticəsində beynəlxalq aləmdə də Azərbaycan dövlətinin mövqeləri xeyli dərəcədə gücləndirildi. Azərbaycanın beynəlxalq nüfuzu sürətlə möhkəmlənməyə başladı, ölkəmiz dünya birliyi ilə inteqrasiya prosesinə qədəm qoydu və etibarlı tərəfdaş kimi tanınmağa başladı. Heydər Əliyevin dünyada tanınan böyük siyasi liderlərdən biri olması Azərbaycanın uğurlu xarici siyasətinin təməlini qoydu. Ölkə daxilində siyasi sabitliyi bərpa etməyə müvəffəq olan Ulu Öndər Heydər Əliyev, xarici siyasətdə də çeviklik və uzaqgörənlik mövqeyi nümayiş etdirərək, çoxvektorlu, balanslı siyasət yürütməyə başladı.

Beləliklə, son nəticədə xalqımız öz taleyini və dövlətimizin taleyini Ümummilli lider Heydər Əliyevə etibar etməklə və onu 1993-cü ilin 3 oktyabr seçkilərində Prezident seçməklə Milli Qurtuluşumuza imza atdı, dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə yol açdı və bugünkü qüdrətli Azərbaycanın təməl daşlarını qoydu. Bu mənada Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və 1993-cü il oktyabrın 3-də Prezident seçilməsi sadəcə bir siyasi liderin yenidən idarəçiliyə gətirilməsi deyildi. Bu, bütövlükdə taleyimizi dəyişən böyük siyasi hadisə idi. Xalqımız öz lideri ətrafında birləşərək ölkəmizin yeni bir mərhələyə qədəm qoymasına yol açdı".

Əlisahib Hüseynov onu da deyib ki, Prezident İlham Əliyev isə Ulu Öndərimizin xəttini uğurla davam etdirərək Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi, ölkəmizin siyasi-iqtisadi və hərbi gücünü daha da artıraraq torpaqlarımızın işğaldan azad edilməsinə, suverenliyimizin tam bərpa olunmasına nail oldu:

"Beləliklə, Ulu Öndərin müəyyən etdiyi dövlətçilik ənənələri əsasında Azərbaycan qalib dövlətə çevrildi. Qədirbilən xalqımız milli həmrəylik və ideoloji birliyimizin təmin olunması istiqamətində böyük işlər görmüş Ulu Öndər Heydər Əliyevin xidmətlərini heç vaxt unutmayacaq".

Süleyman
Xəbəri paylaş