Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mehdiyevlərin bu dövləti xaosa sürükləməyə gücləri çatmaz

Mehdiyevlərin bu dövləti xaosa sürükləməyə gücləri çatmaz


Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə göndərdiyi məktubun ortaya çıxacağı gözlənilən idi. Çünki konstitusiya quruluşunu zorla dəyişmək, dövlət çevrilişi etmək istəyi ilə hərəkətə keçən bu şəxsin belə bir mənhus planı hər hansı xarici gücə söykənmədən təkbaşına həyata keçirməsi tamamilə qeyri-mümkündür. Bu mənada FETÖ lideri Fətullah Gülən ABŞ-ın "qanad"ı altına sığındığı kimi Ramiz Mehdiyevin də Rusiyadan "xeyir-dua" almaq, Kremldən dəstək istəmək cəhdi anlaşılandır. Adətən, bu cür təxribatçı, avantürist şəxslər öz məqsədlərinə çatmaq üçün hətta şeytanla da işbirliyi qurmağa hazır olurlar. Odur ki, Ramiz Mehdiyev də istisna deyil.

Rüsvayçı “xəyanət məktubu” ortaya çıxan 87 yaşlı bu qoca avantüristin mediada tirajlanan müraciətində hakimiyyətin 3 qolunun - qanunvericilik, icra və məhkəmə sahələrinin fəaliyyətinə nəzarətin cəmiyyətdə nüfuza malik olan 50 üzvdən - təcrübəli dövlət məmurları, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət xadimlərindən ibarət "Dövlət Şurası" adlı qondarma quruma həvalə ediləcəyi qeyd edilib. Ramiz Mehdiyev ideya müəllifi olduğu bu "Şura"nı cəmiyyətdə “hakimiyyətə etimadı bərpa edəcək alternativ mexanizm” kimi təqdim edib. O, bu qondarma quruma demokratiklik və legitimlik görüntüsü də vermək üçün sözügedən "Dövlət Şurası" üzvlərinin ümumxalq səsverməsi nəticəsində formalaşdırılacağını təklif edib. "Dövlət Şurası"na sədrliyi isə heç şübhəsiz ki, özünün həyata keçirəcəyini nəzərdə tutubmuş. Bu baxımdan qondarma "Dövlət Şurası"nın tərkibində nəzərdə tutulan 50 şəxsdən birinin kimliyi artıq məlumdur. Yəni ki, söhbət Ramiz Mehdiyevin özündən gedir. Siyahıda adları keçən digər 49 nəfərin kimliyi isə yəqin ki, hazırda istintaq qrupu tərəfindən araşdırılıb dəqiqləşdirilir. Böyük ehtimalla lap yaxın vaxtlarda həmin siyahı da üzə çıxacaq.

Ramiz Mehdiyevin məlum məktubunu oxuyanda bu adamın həm dövlətə, vətənə xəyanətinin motivləri, həm də 87 yaşlı bir şəxsin hakimiyyət hərisliyinin hüdudsuzluğu insanı həqiqətən də heyrətə gətirir. Görünən budur ki, Ramiz Mehdiyev "böyük demokrat" obrazına girərək Azərbaycansayağı "QKÇP" planını həyata keçirmək istəyirmiş. Onun məqsədi ölkəmizi Rusiyanın təsir dairəsinə daxil etmək və suverenliyimizə ağır zərbə vurmaqmış. Bu cür antimilli, yırtıcı xislətli şəxslər üçün dövlət müstəqilliyi, suverenlik anlayışları heç bir dəyər, anlam kəsb etmir. Onları yalnız öz narsist eqolarını təmin etmək düşündürür.

Qisasçılıq hissi və hakimiyyət hərisliyi ilə alışıb-yanan bu cür şəxslər dövlətə xəyanət etməyə adi bir taktiki gediş kimi baxırlar. Belələri mənfur hədəflərinə çatmaq üçün istənilən yad güclərə nökərçilik etməyə, maşa kimi istifadə olunmağa hazırdırlar. Ancaq ölkəmizdə sabitliyi pozmağa və qalib Azərbaycanı yenidən "qaranlıq tunel"ə soxmağa hesablanmış planların heç biri həyata keçməyəcək. Bütün xəyanət planlarının üstü açılacaq. Azərbaycan oturuşmuş, güclü dövlətdir, mehdiyevlərin bu dövləti xaosa sürükləməyə gücləri çatmaz.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş