Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan heç vaxt öz haqq yolundan dönmədi

Azərbaycan heç vaxt öz haqq yolundan dönmədi


Bu gün ən yeni tariximizin - Zəfər çağımızın Qarabağ nidasının yazıldığı günlərdən biridir. Kəlbəcərin azadlığa qovuşduğu, yenidən Azərbaycan nəfəsi ilə dirildiyi gün işğal səhifəsinin həmişəlik bağlandığını əks etdirən möhtəşəm bir gün kimi tariximizə yazıldı. Beş il əvvəl, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun misilsiz döyüş şücaətləri nəticəsində işğalçı Ermənistan ordusu ağır məğlubiyyətə uğradı, tarixi ədalət bərpa olundu. Otuz ilə yaxın davam edən işğal və ədalətsizliyə Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı Ordumuz tərəfindən 44 günə son qoyuldu, torpaqlarımız düşməndən təmizlənərək öz əzəli sahibinə - Azərbaycan xalqına qaytarıldı.

Ağdam, Laçın və Kəlbəcərin işğaldan azad edilməsi isə bu müharibənin dünya hərb tarixinə misli-bərabəri olmayan savaşlardan biri kimi daxil olmasına vəsilə oldu. Çünki haqq savaşına qalxan Ordumuzun şanlı Zəfəri 2020-ci il noyabrın 10-da Ermənistanı kapitulyasiya aktını imzalamağa və bunun nəticəsində noyabrın 20-də Ağdam rayonundan döyüşsüz çıxmağa, bundan beş gün sonra - noyabrın 25-də isə Kəlbəcər rayonunu da boşaltmağa məcbur etdi. Beləliklə, ən böyük rayonlarımızdan olan Ağdam və Kəlbəcər bir güllə belə atılmadan Azərbaycana təhvil verildi. Ermənistan üçün kapitulyasiya sənədinə çevrilən Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi dinc yolla işğaldan azad edildi. Üçrəngli bayrağımız Kəlbəcərin qarlı zirvələrində yenidən dalğalanmağa başladı.

Vətən torpağı sadəcə coğrafi məkan deyil, həm də millətin ruh daşıyıcısı, qan yaddaşıdır. Bu baxımdan, noyabrın 25-i Vətən tariximizə, qan yaddaşımıza ruhumuzun dirilişinin ehtivası kimi, Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Gələcək nəsillər bu günü həmişə böyük qürur hissilə xatırlayacaqlar. Zəfər tariximizin təcəssümü olaraq Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, noyabrın 25-nin Kəlbəcər Şəhəri Günü kimi qeyd olunması da qan yaddaşımızın daim diri qalmasına, şəhidlərimizin xatırlanmasına, qəhrəmanlarımızın yada salınmasına xidmət edir.

Kəlbəcər bizim üçün Vətənimizin ən gözəl yerlərindən biri və tarixi torpaqlarımızın ayrılmaz bir parçasıdırsa, işğalçı ermənilər üçün isə hərbi-strateji və iqtisadi əhəmiyyətli coğrafi məntəqə saylırdı. Onlar Kəlbəcəri məhz Ermənistanın "təhlükəsizliy"ini təmin etmək və təbii sərvətlərini talan etmək, su resurslarını öz nəzarətlərinə keçirmək, tarixi abidələrini, alban məbədlərini zorla "erməniləşdirmək" üçün işğal etmişdilər.

Kapitulyasiya aktının - Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcəri təhvil verməyə məcbur olan ermənilərin rayonu tərk edərkən yol verdikləri vəhşilik də əsl erməniçiliyin təzahürü kimi yadda qaldı. Azərbaycanlılara, türklüyə qarşı dərin nifrət hissilə qovrulan, qıvrılan erməni vandalları ərazini tərk edərkən evlərə, bağlara od vurdular, ağacları kəsdilər, ev heyvanlarını öldürdülər, kommunikasiya xəttlərini sıradan çıxardılar. Bütün bunlar beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən açıq vəhşiliklər idi. Dünya birliyi onların vəhşi xislətlərini, barbar davranışlarını əyani şəkildə gördü. Lakin beynəlxalq təşkilatlar həmişə olduğu kimi Kəlbəcərdə törədilən erməni vandalizminin də üzərindən sükutla keçdilər.

Azərbaycan isə bütün ədalətsizliklərə rəğmən heç vaxt öz haqq yolundan dönmədi. Erməni vandalizminin ağır nəticələrinin aradan qaldırılması və Böyük Qayıdış mərhələsinin uğurla həyata keçirilməsi postmüharibə dövründə dövlətimizin əsas hədəfinə çevrildi. Belə ki, tarixi Zəfərimizdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurun hər yerində olduğu kimi Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi. Bu işlər “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” və "Böyük Qayıdış" Proqramı əsasında həyata keçirilir. Bu gün Kəlbəcər öz taleyinin yeni dövrünə qədəm qoyub.

25 noyabr Kəlbəcər sakinləri üçün yeni həyatın başlanğıc səhifəsidir. Hazırda bərpa-quruculuq işləri ilə keçmiş məcburi köçkün soydaşlarımızın öz dogma yurdarına qayıdışı paralel şəkildə aparılır. Prezident İlham Əliyevin bu ilin avqust ayında Kəlbəcər şəhərinə köçən ailələrə mənzillərin açarlarını təqdim etməsi ilə Böyük Qayıdışın coğrafiyası daha da genişlənib. İşğaldan azad olunmuş digər ərazilərimiz kimi yeni Kəlbəcər də Azərbaycan xalqının qurucu xarakterini nümayiş etdirəcək.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş