
"Avropa Parlamenti bir qayda olaraq regionda gərginlik yaratmaq, əldə olunmuş kövrək sülhə əngəl olaraq Cənubi Qafqazı yenidən savaşa sürükləməkdə maraqlı olub. Bu qurumun mütəmadi olaraq qəbul etdiyi qərarlar, qətnamələr də məhz bu məqsədə xidmət edib".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı Avropa Parlamenti tərəfindən qəbul edilmiş “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnaməni şərh edərkən səsləndirib. O bildirib ki, Avropa Parlamenti demokratik dayanıqlığın dəstəklənməsi adı altında əslində Ermənistan cəmiyyətində parlament seçkiləri ərəfəsində siyasi xaos yaratmağa, mövcud hakimiyyətə qarşı revanşistlərin hərəkətlənməsinə çalışır:
“Avropa Parlamentində təmsil olunan siyasi dəlalları, korrupsiyaya bulaşmış avroparlamentariləri əslində Ermənistanda demokratiyanın mövcud olub-olmaması qətiyyən maraqlandırmır. Onları əsas maraqlandıran Cənubi Qafqazda əldə edilmiş kövrək sülhə mane olmaq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına doğru gedən prosesi əngəlləməkdir. Əgər Avropa Parlamentini doğurdan da Ermənistanda demokratiyanın dayanıqlığı düşündürsəydi, o zaman 2008-ci ilin mart aksiyaları zamanı o zamankı prezident Robert Köçəryanın tapşırığı ilə dinc etirazçılara qarşı polisin silah işlətməsi, bir neçə nəfər mülki şəxsin qətlə yetirilməsinə göz yumulmazdı. Yaxud, Avropa Parlamenti insan hüquq və azadlıqları prinsipini həqiqətən də fəaliyyətinin prioriteti hesab etsəydi, Qarabağ münaqişəsinin mövcud olduğu illər ərzində 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsinə biganə qalmaz, ən azə onların hüquqlarının müdafiə xarakterli bir bəyanat qəbul edərdi. Bütün bunların baş vermədiyi halda indi Avropa Parlamentinin demokratiya, insan hüquq və azadlıqlarından danışması nonsensdir və acı gülünc doğurur”.
Arzuman Muradlı qeyd edib ki, bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlərdə fəaliyyəti dayandırması doğru addımdır:
“Azərbaycana qarşı hədsiz dərəcədə qərəzli olan, fəaliyyətində hər zaman antiAzərbaycan mövqeyi sərgiləyən, ölkəmizə yönəlik ədaləsiz qərarlar qəbul edən bir qurumla hansısa formada əməkdaşlıq etməmək daha məqbuldur”.
Süleyman









































