
"Ard-arda Avropa liderlərinin Azərbaycana baş tutan səfərlərinin ana xəttini ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması təşkil edir. Azərbaycanın Avropanın 16, Avropa İttifaqının isə 10 ölkəsini təbii qazla təchiz etməsi günün reallığıdır və qoca qitədə bunu aydın şəkildə dərk edirlər. Ona görə də bu gün Avropa öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycanı özünün ən yaxın strateji tərəfdaşı kimi görür. Son günlər Azərbaycana ayrı-ayrı Avropa ölkələrinin dövlət və hökumət başçılarının səfərləri də məhz buna hesablanıb".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. Onun sözlərinə görə, Azərbaycan növbəti illərdə Avropaya qaz tədarükünü artırmağı nəzərdə tutur ki, ayrı-ayrı ölkələr də öz növbəsində bundan pay əldə etməyə çalışır:
"Məlumat üçün qeyd edək ki, yaxın günlərdə İtaliya Baş nazirinin də Azərbaycana səfəri nəzərdə tutulur. Heç şübhəsiz ki, bu səfərdə də əsas müzakirə mövzusu energetika sahəsində əməkdaşlıq olacaq".
Politoloq qeyd edib ki, Avropa ölkələri ilə enerji sahəsində qurulan əməkdaşlıq öz növbəsində siyasi sahədə də əlaqələrin inkişafına, ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə imkan yaradır:
"Avropa ölkələri ilə yüksələn xətlə davam edən əməkdaşlıq Bakının Avropa İttifaqı ilə əlaqələrinin inkişafına da təsirsiz ötüşməyəcək. Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, Azərbaycana baş tutan bu səfərlər sözügedən ölkələrlə yanaşı, Bakı üçün də müsbət dividentlər vəd edir".
Süleyman










































