Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkçülük Günü Türk xalqları arasında inteqrasiya prosesinin sürətləndirilməsində mühüm əhəmiyyət kəsb edir

Türkçülük Günü Türk xalqları arasında inteqrasiya prosesinin sürətləndirilməsində mühüm əhəmiyyət kəsb edir


Müstəqillik təkcə bizə azad ölkə olma imkanını qazandırıb sovetlərdən asılılığımızı aradan qaldırmadı, eyni zamanda milli kimliyimizi dərk etmək, onu özünə qaytarmaq şansı verdi. Zaman keçdikcə Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Novruz bayramı və s. kimi əlamətdar günlər sırasına 3 may Türkçülük Günü də rəsmi də olmasa, qeyri-rəsmi olaraq daxil edildi, bu günün əhəmiyyəti, Türk dünyasının inteqrasiyasına müsbət təsirləri xalqın şüurunda formalaşmağa başladı. Müstəqilliyin ilk illərində Türkçülük Gününü bəzən gizli şəkildə, bir müddət sonra çox məhdud sayda qeyd etdiyimiz halda, bu gün həmin tarixi hadisə böyük coşqu, geniş kütləviliklə bayram əhval-ruhiyyəsində keçirilir.

Etiraf etmək lazımdır ki, Azərbaycanda 3 May-Türkçülük Gününün qeyd edilməsi “Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai bilriiynin (ATXƏM) adı ilə bağlıdır. Mübaliğəsiz şəkildə demək olar ki, Azərbaycanda 3 May-Türkçülük Gününü ilk qeyd edən təşkilatlardan biri ATXƏM olub. Bu yola ilk çıxan məhz biz olmuşuq. Ziyalılarımız, aydınlarımızla birgə başladığımız bu proses, ideoloji iş günümüzdə də təşkilatımız tərəfindən davam etdirilir. Bu dövrə qədər sanki 3 may-Türkçülük Gününü bizə ərmağan edən Türk fədailərinin adları unudulmuşdu. Keçən il Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən geniş bir tədbir zamanı da bu tarixi gerçəkliyi təəssüf hissi ilə qeyd etdim.

Tarixə nəzər yetirsək görərik ki, 3 Mayın Türkçülük Gününün qeyd olunması ötən əsrin 40-cı illərinə təsadüf edir. Belə ki, XX əsrin ortalarında Türkiyədə baş verən müəyyən proseslər, kommunist ideologiyasının baş qaldırması fonunda türk milliyyətçiliyi ideyalarının açıq şəkildə ifadəsinə qarşı dövlət təzyiqləri müşahidə edilirdi. Bu dövrdə türkçü ziyalılar, xüsusilə Nihal Atsız bu ideyaların müdafiəçiləri kimi önə çıxmış, nəticədə həbslərlə üzləşmişdilər. Onun başladığı mübarizə Alparslan Türkeş, Vəli Zəki kimi türk aydınları tərəfindən davam etdirildi. Düzdür, həmin dövrdə baş verənlər əslində bir repressiya nümunəsi olsa da, ancaq ümumilikdə türkçülük ideyasının daha geniş yayılmasına və cəmiyyətin müxtəlif təbəqələrində kök salmasına təkan verən bir hadisə oldu.

Beləliklə, 3 May türkçülüyün ideoloji dirənişi və özünüdərk günü kimi qeyd olunmağa başlandı. Bu gün həm də milli kəsimin kommunistlər üzərində qələbəsinin tərənnümüdür. Onu da qeyd etmək yerinə düşər ki, Türkçülük ideyasının nəzəri əsasları daha əvvəl formalaşmışdı. Bu prosesdə Ziya Gökalp xüsusi rol oynamışdı. O, türkçülüyü yalnız etnik kimlik kimi deyil, həm də mədəni və mənəvi birlik modeli kimi təqdim edirdi. Gökalpın fikrincə, dil, mədəniyyət və ortaq tarix türk xalqlarını birləşdirən əsas sütunlardır.

Sevindirici haldır ki, günümüzdə 3 May Türkçülük Günü türk xalqlarının milli şüurunda xüsusi yer tutan əlamətdar günlərdən birinıə çevrilib. Bu gün bütöv Türk coğrafiyası bu günü böyük qürur və şərəflə qeyd edir.

Bu gün heç bir qorxu hissi keçirmədən, təzyiqlə üzləşmədən Türkçülük Gününün qeyd edilməsi Türk kimliyinə bağlılıq hissini gücləndirir. Eyni zamanda gənc nəsildə milli kimliyə, milli və mədəni dəyərlərə bağlılığı artırır, türk xalqları arasında mənəvi körpü rolunu gücləndirir.

Eyni zamanda bu tarixi hadisə bizə Türk dillərinin qorunması və inkişafı, mədəni ortaq dəyərlər, ənənə, ədəbiyyat və folklorun paylaşılması, ortaq keçmişin öyrənilməsi və gələcək üçün dərs kimi qəbul edilməsi, Türk xalqları arasında qarşılıqlı dəstəyin gücləndirilməsini aşılayır, bu istiqamətlərdə fəaliyyət göstərməyin zəruriliyini xatırladır.
Günümüzdə 3 May Türkçülük Gününün əhəmiyyəti daha da artıb. Çünki bu tarix həm də Türk dünyasının inteqrasiyanda mühüm tarixi hadisə rolunu oynayır. Məhz keçmişə sayğı, tarixi keçmişimzə, kimliyimizə bağlılğın nəticəsidir ki, bu gün Türk dünyası Türk Dövlətləri Təşkilatı çətiri altında birləşə bilib. Bu təşkilat çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər türk dövlətləri arasında əməkdaşlıq genişlənir. Bu prosesdə xüsusilə, Azərbaycanın lokomotiv rolu oynadığını müşahidə etməkdəyik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının xarici siyasətdə Türk dünyası ilə əlaqələrə xüsusi yer verməsi, bir sıra hallarda bu coğrafiyada daha sıx əməkdaşlığı ehtiva edən təşəbbüslərlə çıxış etməsi ölkəmizin Türk dünyasında yeri və rolunu əhəmiyyətli dərəcədə artırır. Qurulan yüksək səviyyəli əməkdaşlıq çərçivəsində Türk dövlətləri regional təhlükəsizlik və ortaq maraqların qorunmasında ortaq hərəkət edir, ticarət, enerji və nəqliyyat sahələrində birgə layihələr gerçəkləşdirir, təhsil proqramları, ortaq media və mədəni tədbirlər icra edirlər.


Bir sözlə bu proseslərə ideoloji ruh verən 3 May tarixi Türk coğrafiyasında yer alan ölkələr arasında təkcə siyasi deyil, həm də mənəvi əsasları möhkəmləndirir. Hesab edirəm ki, Türk xalqları arasında inteqrasiya prosesinin sürətləndirilməsində belə günlərin, ideoloji mahiyyət daşıyan tarixlərin qeyd edilməsi mühüm əhəmiyyət kəsb edir.

İlham İsmayılov
ATXƏM sədri
Xəbəri paylaş