
David Seliverstov: "İnsan həyatı, insan ləyaqəti və cəmiyyətin sağlam gələcəyi dayanmalıdır"
Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Seliverstov bu gün Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun qonağı olub.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı David Seliverstov özü verib. Qeyd edim ki, onu sadəcə qonaq kimi deyil, institutun böyük, mehriban və dəyərli ailəsinin bir üzvü kimi qarşılayıblar:
"Bu səmimi münasibət, göstərilən yüksək diqqət və qonaqpərvərlik məndə dərin təəssürat yaratdı. Belə elm və təhsil ocaqlarında insan yalnız peşəkar mühitlə deyil, həm də mənəvi istilik, qarşılıqlı hörmət və insanlığa xidmət ruhu ilə qarşılaşır.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu təkcə tibbi biliklərin artırıldığı bir təhsil müəssisəsi deyil, həm də həkimlik peşəsinin yüksək mənəvi məsuliyyətini, insan sağlamlığına qayğını və cəmiyyətə xidmət fəlsəfəsini yaşadan mühüm elmi mərkəzdir. Bu institutun fəaliyyəti səhiyyə sahəsində peşəkarlığın yüksəldilməsi, tibbi maarifləndirmənin genişləndirilməsi və insan sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır".

David Seliverstov diqqətə çatdırıb ki, görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri, yeni layihələr və cəmiyyət üçün faydalı ola biləcək təşəbbüslər barədə də fikir mübadiləsi aparılıb:
"Xüsusilə Qlobal Həmrəylik Şurası ilə birlikdə səhiyyə, maarifləndirmə, innovasiya və sosial məsuliyyət sahələrində böyük əməkdaşlıq imkanlarının formalaşdırılması mühüm istiqamət kimi dəyərləndirildi.
Tezliklə Qlobal Həmrəylik Şurası ilə birgə həyata keçiriləcək böyük layihələrin, innovativ təşəbbüslərin və ortaq fəaliyyət proqramlarının əsas istiqamətləri müəyyənləşdiriləcək. Bu əməkdaşlıq çərçivəsində əhalinin sağlamlığının möhkəmləndirilməsi, tibbi maarifləndirmənin artırılması, müasir innovativ yanaşmaların tətbiqi və cəmiyyət üçün faydalı sosial-səhiyyə proqramlarının hazırlanması nəzərdə tutulur".
David Seliverstov əmin olduğunu bildirib ki, bu əməkdaşlıq yalnız institusional münasibətlərin inkişafına deyil, həm də insan sağlamlığına, ictimai rifaha və humanist dəyərlərin güclənməsinə xidmət edəcəkdir:
"Çünki səhiyyə sahəsində hər bir təşəbbüsün mərkəzində insan həyatı, insan ləyaqəti və cəmiyyətin sağlam gələcəyi dayanmalıdır.
Bu yüksək səviyyəli qəbul, səmimi münasibət və dəyərli görüş üçün Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rəhbərliyinə dərin təşəkkürümü bildirirəm".
Süleyman











































