
Tarixi proseslər, birlik və həmrəylik istiqamətində atılan addımlarda əsas aktor rolu oynayaraq önə çıxan Azərbaycan bu günlər yenidən Türk Dünyasını bir araya gətirib. Böyük Türk coğrafiyasının ürəyi yenə Bakıda döyünür desək yanılmarıq. Bakı bu dəfə Türkoloji Qurultayın 100 illiyinə evsahibliyi edir. Qurultayın 100 illiyi münasibətilə keçirilən Türk Dünyası Həftəsi təkcə bir önəmli tarixin yubileyinin qeyd edilməsi, yaxud elm ictimaiyyətinin bir araya gələrək müzakirələr aparması üçün əhəmiyyətli deyil, bu həm də türk xalqlarının ortaq tarixi yaddaşı, mədəni irsi və gələcək inkişaf strategiyasının öyrənilməsi, onun tədqiqi və gələcək nəsillərə çatdırılması baxımından da önəmlidir. Qeyd etmək yerinə düşər ki, tam bir əsr əvvəl Bakıda keçirilən ilk Türkoloji Qurultay türk xalqlarının dil, tarix, ədəbiyyat və mədəniyyət sahəsində elmi əməkdaşlığının əsasını qoymuş, gələcək inkişaf perspektivləri və yol xəritəsini müəyyən etmişdi.
O dövr üçün bir yenilik olan Türkoloji Qurultayın ideoloji təməlində XIX əsrin sonu – XX əsrin əvvəllərində ümumtürk ictimai fikrinin görkəmli nümayəndələrinin irəli sürdüyü milli birlik ideyaları dayanırdı. Həmin mütəfəkkirlər arasında Əli bəy Hüseynzadənin xüsusi yeri vardır. Birinci Türkoloji Qurultayın iştirakçısı olan Əli bəy Hüseynzadənin bu Azərbaycana sonuncu səfəri olur.

Bu gün mədəni, humanitar, eləcə də siyasi və iqtisadi sahədə inteqrasiya yolunu tutmuş Türk dünyası bu coğrafiyanın böyük şəxsiyyəti İsmayıl Qaspiralının irəli sürdüyü "Dildə, fikirdə, işdə (əməldə) birlik" prinsipi ilə daha böyük hədəflərə doğru addımlayır. Bu ideya türk xalqlarının yalnız mənəvi deyil, həm də elmi, mədəni və ictimai inteqrasiyasının konseptual əsaslarından birinə çevrilib.
İsmayıl Qaspiralı türk xalqlarının gələcəyini parçalanmada deyil, həmrəylikdə görürdü. O, "Fikirdə birlik" dedikdə ortaq tarixi yaddaşın, milli-mənəvi dəyərlərin, dil və mədəniyyətin qorunmasını, "İşdə birlik"də elm, təhsil, iqtisadiyyat və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığı, "Əməldə birlik"də isə ortaq məqsədlərin konkret fəaliyyətlə həyata keçirilməsini nəzərdə tuturdu.

Onu da qeyd etmək yerinə düşər ki, ATXƏM də öz fəaliyyətində hər zaman dahi türk mütəfəkkirlərinin birlik, həmrəylik çağırışlarına əsaslanaraq Türk dünyasının işdə, fikirdə, əməldə birliyi istiqamətində addımlar atıb, yarandığı gündən təkcə Türk dünyasının siyasi deyil, eləcə də mədəni-humanitar birliyi, inteqrasiyasına yönəlik layihələr həyata keçirib. Bu sırada ATXƏM-in 2009-cu ildə məşhur qazax şairi Oljas Süleymanovla görüşünü, qırğız şairi Çingiz Aytmatovu Bakıya dəvət etməsi və Onun ATXƏM-in ofisinin açılışında iştirak etməsi, gənc nəsildə ortaq tariximiz, irsimiz, kimliyimiz barədə məlumat formalaşdırmaq məqsədilə böyük mütəfəkkir, alim, Azərbaycanın ictimai fikrində mühüm yeri olan Əli Bəy Hüseynzadənin yubileyinin keçirilməsinin təşkilatçısı və təşəbbüskarı olması, dahi mütəfəkkirə həsr olunmuş yazı müsabiqəsinin keçirilməsi ATXƏM-in bir təşkilat olaraq Türk dünyasının mədəni-humanitar inteqrasiyasına verdiyi töhfələrdəndir. Bu gün Türkoloji Qurultayın 100 illiyi ərəfəsində irəli sürülən təşəbbüslər, ideyalar, layihə və tədbriləri ATXƏM zaman-zaman öz fəaliyyətində gerçəkləşdirib, həyata keçirib. Zaman-zaman bizim keçirdiyimiz bu kimi tədbirlərdə ortaq türk dilinin vacibliyi ilə bağlı məsələlərin önə çıxması, onun zəruriliyinin vurğulanması fonunda bu gün həmin ideyalarının gerçəkliyə doğru istiqamət alması bizləri sevindirir, daha da qürurlandırır. Bu kimi ideyaların müəllifi olan vətəndaş cəmiyyəti nümayəndələrinin bu cür mühüm tədbirlərə qonaq qismində dəvət almaması da eyni dərəcədə məyusluq yaradır, təəssüf doğuraraq ruh düşkünlüyü yaradır.

Bütün bunları nəzərə alaraq sonda onu qeyd etmək yerinə düşər ki, Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən Türk Dünyası Həftəsi Türk dünyasının mədəni, dil və tarix baxımından inteqrasiyası baxımından həm də gələcək üçün bir yol xəritəsidir.
İlham İsmayılov,
ATXƏM sədri











































