
Mən belə bir öngörüdə bulunmuşdum – doğrulmadığı bəsbəlli. Bəs niyə belənçik oldu? Peşəkar futbolun yaradıcıları sayılan, bu oyuna ad verən ingilislər Bekhemsonrası növbəti “qızıl heyət”lə adını gümüşdən alan, heç düz-əməlli gümüş yataqları da olmayan Argentinaya niyə uduzdu?
Bəli, bu oyunu təkcə taktika, statistika və ya ulduzların ifası ilə izah etmək çətindir. Futbolun bəzi məqamlarında tarixin, psixologiyanın, kollektiv ruhun və liderliyin də öz dili olur. İngiltərə oyunu idarə edirdi, Argentina isə oyunun yığvalını dəyişdi. Bunlar eyni şey deyil, əlbət.
Gəlin bu oyuna bir neçə fərqli prizmadan baxmağa çalışaq:
Birincisi, belə görünür, futbolda “ulduz” yox, “cazibə mərkəzi” qalib gəlir.
İngiltərədə Keyn, Bellinqem, Saka, Foden kimi parlaq adlar var; ancaq onlar bəzən sanki bir-birinin parlaqlığını azaltmağa başlayır(dı).
Argentinada isə Messi bu dəfə qol vurmadı: di gəl gör, bütün oyunun cazibə mərkəzi yenə o idi, yenə o.
Bu, bir növ astronomik təfəkkürə bənzər – Günəş heç vaxt Yerə toxunmasa da, Yer və bütün digər planetlər onun cazibəsində fırlanır.
Messinin, Argentina yığmasının futbol ağlı da məhz bu təfəkkürü sahəyə sürdü...
Messi qol vurmadı, ancaq iki dəftər-kitabsız ötürməsi ilə oyunun orbitini dəyişdi.
İkincisi, İngiltərə “hesabı qorumağ”a odaqlandığı an ciddi yanlışlıq etmiş oldu. – 1:0-dan sonra ingilislər qalib gəlməkdən çox, qalibiyyəti qorumağa çalışdı. Bax, bu, futbolun ən təhlükəli psixoloji tələlərindən biridir. Qələbə illa hücum istər!
Qoruma instinkti isə rəqibi oyuna qaytarır. Odur, Argentina məhz həmin dəqiqələrdə oyunu ələ aldı.
Üçüncüsü, tarix ingilislər üçün yükə çevrilmiş oldu. 1966…
60 il… “Tanrının əli”nin əvəzçıxması…
“Artıq vaxtıdır.” – Bax, belənçik cümlələr futbolçuların beynində görünməyən yük yaratmış olmuş bəlkə. İngiltərə sanki tarix qarşısında sınaqdaydı...
Bizim qitədə olmayan Argentina isə fərqli idi. Fərqli idi Argentina! Onlar oynayırdı.
Dördüncüsü, belə bir sual: bu dəfə qol vurmayan Messi niyə yenə oyunun qəhrəmanı oldu?
Hə, bax, ən ilginc məqamlardan biri elə budur.
Messi artıq oyunu ayağı ilə yox, daha çox ağlı ilə idarə edir. Top ona gələndə o, artıq növbəti iki gedişi aydın görür. Şahmat dili ilə desək, digərləri gediş edir, Messi isə kombinasiyanı oynayır. İki məhsuldar ötürmə bunun sübutu idi.
Beşincisi, “Tanrının əli”ndən “Tanrının ağlı”na keçid baş verdiyini görürük. 40 il öncə – 1986-cı ildə Maradona “Tanrının əli” ilə yadda qalmışdısa, 2026-cı ildə Argentina sanki “Tanrının əli yox, Tanrının verdiyi düşünən beyin var” demiş kimi oldu. – Bu dəfə qalibiyyəti əllə deyil, zəka ilə qazandılar.
Gəlin ilginc tarixi paradoksa da diqqət çəkək.
İngiltərə bir zamanlar dünyaya (olsun yarım dünyaya) hökm edən imperiya olub.
Argentina… – Falkland (Malvin) savaşında ingilislərə məğlub olmuş dövlətdir.
Siyasətdə, hərbdə qalib olan İngiltərə idi.
Amma futbolda bu üstünlük heç nə ifadə etməmişdi, etmədi, etmir...
Futbolun gözəlliyi də budur.
Meydana hiylə qatılmayıbsa, nə imperiyalar oynayır, nə “Dəmir Ledi”lər, nə donanmalar, nə iqtisadiyyat, nə də diplomatiya… Orada önyarğısız 11 nəfərin cəsarəti, zəkası və inamı oynayır.
Uzun sözün qısası, İngiltərə futbol oynadı, Argentina isə oyunun yığvalını oynadı. Birincilər topa yiyə durmuşdu, ikincilər isə ana!.. Görünür, futbolda tarix çox vaxt topa yox, ana sahib olanları anır.
Yaxşı, olan-oldu; bəs qarşıdakı İspaniya?
Ən ilginc sual da bu olsa gərək.
İspaniya bu turnirin ən sistemli komandasıdır. Onlar rəqibin oyununu pozmağı qəşəng bacarır. Fransa bunu yaşadı. Fransızlar adətən sürətə və “fərdi partlayış”lara güvənirdi. İspaniya isə topu elə saxladı ki, fransızlar ritmini itirdi.
Sanki Fransanın ayaqlarını, ayaqkarını da yox, e, oyunun nəfəsini bağladı zalım uşaqları. Fransaya haqq oldu – bu öz yerində – zatən meydanda Fransa bayrağıyla Afrika yığmasıydı elə bil…
Amma Argentina fərqlidir, fərqlidir!
Argentina topa sahib olmaqdan daha çox məqamı hiss etməyi bacarır.
İspaniya ritmlə oynayır.
Argentina isə emosiyanın ritmini dəyişir, ahəngi ilə oynayır; oyun içində oyun qurur okeandan o taylılar...
Bu böyük fərqdir.
Nəhayət, final kimi final nə ilə çözülə, şəkillənə bilər?
Əgər oyun İspaniyanın tempində keçsə, İspaniya üstün görünəcək.
Əgər oyun emosional döyüşə çevrilsə, Argentina təhlükəlidir. İngilislər də qolsonrası emosionallıqdan nəsiblərini aldı…
Messi yenə bir sərrast ötürmə ilə bütün planı dağıda bilər.
Bəli, İspaniya–Argentina finalı iki futbol fəlsəfəsinin duelidir: nizam-intizam və sistem ilə intuisiya, futbol zəkası üz-üzə gələcək. Əgər İspaniya oyunu öz ritmində saxlaya bilsə, üstünlük qazana bilər (qazansın istərdim); amma Argentina oyunu emosional axına yönəldə və Messi kimi dahi ipləmənin bircə qərarı ilə ritmi dəyişə bilsə, sonuc tam fərqli ola bilər. Belə bir final doğrudan da futbol tarixinin ən yaddaqalan qarşılaşmalarından biri olmağı haqq edir. Qoy elə haqq edən qazansın!
Bu gün biz o meydanda yoxuq, ancaq gün gələcək DÇ-lərdə, yarımfinallarda və finallarda olacağıq!
Yaşıl Burunun yaşatdığı yaşıl umudlar haqqı burnumuzdan uzağı görəcək və yaşıl işıqlı yola çıxacağıq!
O günə bu gündən salam-sayğılar!
Əkbər Qoşalı











































