
Həqiqətən dəqiq müşahidədir. Həqiqi varlılar vəzifəlilərin, biznesmenlərin övladları heç vaxt sosial şəbəkələrdə var-dövlət nümayiş etdirmir, çünki reallığı çox yaxşı bilirlər. Lakin son illər bəzi blogger və "influencer"lərin nümayiş etdirdiyi dəbdəbəli həyat tərzi suallar doğurmaya bilmir.
Gündəlik halal zəhməti ilə çalışıb, hətta bir neçə yerdən gəlir əldə edərək normal səviyyədə yaşamağa çalışan, ev-eşik sahibi olmağa çətinlik çəkən kifayət qədər savadlı, zəhmətkeş insanlar tanıyırıq. Amma həmin bloggerlər hər ay bahalı hotellər, ildə neçə dəfə avtomobil dəyişmələr, Ağ Şəhərdə və ya Sea Breeze-də mənzillər ilə yarışa girirlər.
Məsələ burasındadır ki, bu cür sürətli varlanmanın arxasında dayanan mənbələr və qeyri-qanuni axınlar çox vaxt gizli qalmır. Ən acınacaqlısı isə odur ki, bu həyat tərzini qazanc mənbəyi edənlər özlərini “güclü, zəhmətkeş və ağıllı qadın” obrazında təqdim edərək ictimaiyyətə yanlış mesajlar ötürürlər.
Əsl zəhmətkeş, savadlı və həyatını əziyyətlə quran qadınlarımız isə kənarda səssizcə öz işi ilə məşğuldur. Başqalarının hesabına qurulan bu süni "uğur" hekayələrinin nə vaxtsa sona çatacağı qaçılmazdır, sadəcə hələlik hər kəs gördüyünü görməzliyə vurur..
Kəmalə Bayramova












































