Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan mediasının "düşmən media" kimi təqdim edilməsi, hüquqi baxımdan mübahisəli yanaşmadır

Azərbaycan mediasının "düşmən media" kimi təqdim edilməsi, hüquqi baxımdan mübahisəli yanaşmadır


David Seliverstov: "Jurnalistin və ya media nümayəndəsinin peşə fəaliyyəti yalnız konkret hüquqi sübutlar olduqda cinayət məsuliyyəti ilə əlaqələndirilə bilər"


İran bir tərəfdən Azərbaycanla münasibətləri inkişaf etdirmək, Bakı ilə yaxınlaşmaq xətti yürütsə də, lakin digər tərəfdən Tehran, ölkəmizə qarşı təxribatları, qərəzli və əsassız mövqeyini davam etdirir. Bu günlərdə İranın Kəşfiyyat Nazirliyinin Azərbaycanın dövlət televiziyasını "düşmən media" kimi qələmə verməsi deyilənlərin təsdiqidir. Bir media qurumunun "düşmən media" kimi xarakterizə edilməsinin nə dərəcədə məntiqli, eyni zamanda beynəlxalq hüquq baxımından doğru olub-olmadığını Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə sədri, beynəlxalq hüquq müdafiəçisi David Seliverstov ilə müzakirə etdik.

-David bəy, İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin AzTV-ni "düşmən media" elan etməsi və onunla əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələməsi beynəlxalq hüquq baxımından necə qiymətləndirilə bilər?


-Bu yanaşma ilk növbədə media azadlığı, ifadə azadlığı və hüququn aliliyi baxımından ciddi müzakirə mövzusudur. Hər bir dövlət milli təhlükəsizliyini qorumaq hüququna malikdir. Lakin bu hüquq beynəlxalq hüququn müəyyən etdiyi sərhədlər daxilində həyata keçirilməlidir.

Jurnalistin və ya media nümayəndəsinin peşə fəaliyyəti yalnız konkret hüquqi sübutlar olduqda cinayət məsuliyyəti ilə əlaqələndirilə bilər. Sadəcə müəyyən televiziya kanalı ilə əməkdaşlıq etməyə görə insanların casusluqda ittiham olunması həm təqsirsizlik prezumpsiyasına, həm də beynəlxalq insan hüquqları standartlarına uyğun hesab edilə bilməz.

-İran bu cür sərt mövqe nümayiş etdirməsinin səbəbi nə ola bilər?


-Bunu yalnız İran hakimiyyəti rəsmi şəkildə izah edə bilər. Lakin geosiyasi baxımdan bir neçə ehtimal mövcuddur.

Birincisi, İran regionda davam edən hərbi-siyasi gərginliyi nəzərə alaraq informasiya təhlükəsizliyini milli təhlükəsizliyin tərkib hissəsi kimi qiymətləndirə bilər.

İkincisi, Azərbaycanın İsrail və digər Qərb dövlətləri ilə əməkdaşlığı Tehran tərəfindən risk amili kimi qəbul edilə bilər.

Üçüncüsü, bu bəyanatlar daxili auditoriyaya ünvanlanmış siyasi mesaj xarakteri də daşıya bilər.

Lakin ehtimal olunan təhlükə hüquqi sübut anlamına gəlmir. Dövlətlərin təhlükəsizlik narahatlıqları insanların fundamental hüquqlarını məhdudlaşdırmaq üçün avtomatik hüquqi əsas yaratmır.

-Azərbaycanın mövqeyi bu məsələdə necə olub?

-Azərbaycan dəfələrlə rəsmi şəkildə bəyan edib ki, ölkə ərazisi və hava məkanı heç bir dövlət tərəfindən İrana qarşı hərbi məqsədlərlə istifadə edilə bilməz. Bu mövqe dövlət suverenliyi, qonşuluq münasibətləri və beynəlxalq hüququn prinsiplərinə uyğun yanaşmadır. Belə bir mövqe nümayiş etdirən dövlətin rəsmi televiziya kanalının "düşmən media" kimi təqdim olunması siyasi baxımdan izaha ehtiyac yaradır.

-Əgər nəzəri olaraq Azərbaycanın ərazisi İrana qarşı hərbi əməliyyatlar üçün istifadə olunsaydı, bunun nəticələri nə ola bilərdi?


-Bu yalnız hipotetik hüquqi-siyasi ssenaridir. Belə vəziyyət yaranacağı halda regionda genişmiqyaslı təhlükəsizlik böhranı formalaşa bilərdi. İran şimal istiqamətindən əlavə təhlükəsizlik riskləri ilə üzləşə, hərbi resurslarını bölmək məcburiyyətində qala, enerji və nəqliyyat infrastrukturu təhlükə altına düşə, iqtisadi itkilər və humanitar problemlər yarana bilərdi. Eyni zamanda Cənubi Qafqazın özü də regional qarşıdurmanın bir hissəsinə çevrilə bilərdi. Məhz buna görə Azərbaycan ərazisinin üçüncü dövlətlərə qarşı istifadə olunmaması barədə rəsmi mövqe regionun sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu halda jurnalistlərin və media nümayəndələrinin hədələnməsi vəziyyəti dəyişə bilərmi?


-Xeyr. Media nümayəndələrinin hədələnməsi dövlət təhlükəsizliyini gücləndirmir.
Əksinə, bu addımlar beynəlxalq etimadı zəiflədir, jurnalistlərin fəaliyyətini məhdudlaşdırır və dövlətlər arasında informasiya müharibəsini daha da dərinləşdirir.
Təhlükəsizlik hüququn hesabına deyil, hüququn qorunması ilə təmin edilir.

-Beynəlxalq hüquq bu məsələyə necə yanaşır?

-BMT Nizamnaməsi dövlətlərin suverenliyinə hörmət edilməsini və gücdən istifadə etməmək prinsipini təsbit edir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq sənədlər jurnalistlərin məlumat almaq və yaymaq hüququnu qoruyur. Milli təhlükəsizlik məqsədilə müəyyən məhdudiyyətlər mümkündür. Lakin bu məhdudiyyətlər qanuni, zəruri, mütənasib və ayrı-seçkilik yaratmayan xarakter daşımalıdır.

Bütöv bir media qurumunun "düşmən" elan olunması və onunla əməkdaşlıq edən şəxslərin ümumi şəkildə cinayət məsuliyyəti ilə hədələnməsi bu prinsiplərlə bağlı ciddi hüquqi suallar yaradır.

Beynəlxalq hüquq müdafiəçisi olaraq hesab edirəm ki, dövlətlərin milli təhlükəsizlik maraqları ilə media azadlığı arasında balans qorunmalıdır. Azərbaycan öz ərazisinin üçüncü dövlətlərə qarşı istifadə olunmayacağını açıq şəkildə bəyan etdiyi halda, Azərbaycan mediasının "düşmən media" kimi təqdim edilməsi və jurnalistlərin cinayət məsuliyyəti ilə hədələnməsi hüquqi baxımdan mübahisəli yanaşmadır. Dövlətlərin təhlükəsizliyi jurnalistləri susdurmaqla deyil, beynəlxalq hüquqa hörmət, qarşılıqlı etimad və açıq diplomatik dialoq vasitəsilə daha etibarlı şəkildə təmin olunur.
Media düşmən deyil. Hüququn aliliyi sübuta əsaslanan ədalətli qərarlarla qorunur. Hüququn olmadığı yerdə təhlükəsizlik də uzunömürlü olmur.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş