
Bugün sosial şəbəkələri açanda hər yer "möcüzəli" vədlərlə doludur: biri həkimlikdən dəm vurur, o biri kosmetologiyadan, əl-üz əməliyyatlarından, başqası isə heç bir əsası olmayan "super müəllimlikdən". Camaat isə karvan kimi heç düşünmədən onların arxasınca qaçır. Amma ekran arxasında parıldayan o saxta "ulduzların" gerçək üzü səhərisi gün xəbərlərdə, canlı yayımlarda tövbə edib imdad diləyəndə ortaya çıxır.
Ən acınacaqlısı bilirsinizmi nədir? Həqiqi elmi, illərin ağır zəhmətini qoyub kənarda qalan, ziyalılığından, adından utanıb özünü ucuz şoularla reklam etməyə çəkinən əsl mütəxəssislər, alimlər. Onları ya tanımırlar, ya da tanısalar belə, səs-küylü olmadıqları üçün qulaq asan yoxdur.
İnsanlar təhsilə, əsl elmə, savadlı mütəxəssisə pul xərcləməyə gələndə "büdcəmiz yoxdur" deyirlər. Ancaq həmin o reklam qurbanı olan, bəzən evlərdə dava-qırğınla, borc-xərclə tapdıqları pulları aparıb hansısa səthi "mütəxəssislərin" qurbanlıq meyidinə çevirirlər. Axırı nə olur? Bəzən ölüm, bəzən ömürlük şikəstlik, bəzən də savadsızlıq ucbatından başa gələn acı fəlakətlər...
Ayıq olun! Reklam olunan hər parıltı qızıl deyil. Saxta vədlərə aldanıb həyatınızı, sağlamlığınızı və gələcəyinizi heçə saymayın. Əsl dəyər ucuz reklamda yox, elmdə, peşəkarlıqda və gerçək ziyalılıqdadır.
Kəmalə Bayramova












































