
Avqustun 3-də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə vəkillər üçün özəl məhkəmə ekspertizası institutuna dair icbari təlim keçirilib.
Newscenter.az xəbər verir ki, təlim "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya"nın Tədbirlər Planının 8.3.1-ci yarımbəndinin icrası çərçivəsində təşkil olunub. Tədbirin məqsədi vəkillərin özəl məhkəmə ekspertizası institutunun mahiyyəti, hüquqi əsasları, fəaliyyət və tətbiq mexanizmləri, eləcə də beynəlxalq təcrübə barədə bilik və peşəkar bacarıqlarının artırılması olub.
Tədbiri giriş sözü ilə açan Vəkillər Kollegiyasının Tədris Mərkəzinin direktoru Əmir Əliyev iştirakçıları salamlayaraq təlimin əhəmiyyətindən bəhs edib, onun vəkillərin peşəkar bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verəcəyini bildirib.
Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini Vüsal Məmmədov çıxışında ölkədə məhkəmə ekspertizası sahəsində aparılan islahatlar, ekspertiza fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlər və bu sahədə vəkillərlə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Daha sonra Məhkəmə Ekspertizası Mərkəzinin Elmi-metodiki iş və təlim idarəsinin rəisi Aysel Kişiyeva özəl məhkəmə ekspertizası institutunun hüquqi mahiyyəti, fəaliyyət mexanizmləri, inkişaf perspektivləri və məhkəmə araşdırmalarında tətbiqi ilə bağlı təqdimatla çıxış edib.
İnteraktiv formatda keçirilən təlim zamanı mövzu üzrə beynəlxalq təcrübə və praktiki məsələlər müzakirə olunub, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, əyani formada keçirilən təlimdə 42 vəkil iştirak edib.
Süleyman












































