
Qızlar Universitetinin bağlanması xəbəri məni həqiqətən çox təəssüfləndirir. Ona görə yox ki, mənim elmi fəaliyyətimin əsas istiqamətlərindən biri gender tədqiqatlarıdır, elmi məqalələrimin çoxu məhz bu mövzudadır. Əlbəttə, illərdir qadınların cəmiyyətdəki rolu, ədəbiyyatda gender məsələləri və qadın təhsili ilə bağlı araşdırmalar apardığım üçün bu xəbər mənim üçün ayrıca həssaslıq daşıyır. Lakin məsələ bundan daha genişdir.
Söhbət sadəcə bir universitetin fəaliyyətini
dayandırmasından getmir. Söhbət Azərbaycan maarifçilik tarixinin mühüm bir simvolundan, qadın təhsilinə verilən dəyərin ictimai təcəssümündən və təhsil siyasətimizlə bağlı düşündürücü suallardan gedir. Məhz buna görə bu qərara yalnız inzibati qərar kimi baxa bilmirəm.
Bu qərar-istəməz bizi daha böyük suallar qarşısında qoyur: Biz ali təhsildə hansı istiqamətə gedirik? İnkişaf dedikdə nəyi nəzərdə tuturuq? Problemin həlli bağlamaqdır, yoxsa yeniləmək?
Dünyaya baxırıq. Bir çox ölkələrdə yeni universitetlər yaradılır, mövcud universitetlər isə dəyişən dövrün tələblərinə uyğun yenidən qurulur, yeni ixtisaslar açılır, beynəlxalq əməkdaşlıqlar genişləndirilir, rəqəmsal texnologiyalar tətbiq edilir. Başqa sözlə, problemlər çox vaxt bağlanmaqla deyil, transformasiya ilə həll olunur.
Bu mənzərənin fonunda istər-istəməz düşünürsən, görəsən, Qızlar Universiteti üçün də başqa yol yox idimi? İslahat, struktur dəyişikliyi, akademik yenilənmə, yeni idarəetmə modeli, başqa universitetlə inteqrasiya və ya yeni inkişaf konsepsiyası tətbiq edilə bilməzdimi? Axı hər bir təhsil müəssisəsi, hər şeydən əvvəl, insan kapitalıdır. Orada formalaşmış akademik mühit, müəllim potensialı, məzunlar, ənənələr var. Bunların hamısını bir qərarla tarixə çevirmək ən doğru seçim idimi?
Bu sualı vermək xüsusilə ona görə vacibdir ki, Azərbaycanın qadın təhsili sahəsində çox zəngin və qürurverici tarixi var.
XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyev cəmiyyətin ciddi müqaviməti ilə üzləşməsinə baxmayaraq, ilk müsəlman qız məktəbini yaratdı. O dövrdə qızların məktəbə göndərilməsinə qarşı çıxanlar çox idi. Lakin Tağıyev gələcəyin məhz təhsilli qadınlardan keçdiyini görürdü. O anlayırdı ki, qadının savadı təkcə onun şəxsi uğuru deyil, bu, ailənin, cəmiyyətin və bütöv millətin inkişafıdır.
Bu gün qadınların ali təhsil alması adi görünürsə, bu, Tağıyev kimi maarifçilərin yüz ildən artıq əvvəl atdığı cəsarətli addımların nəticəsidir. Biz həmin yolu qət etmiş bir cəmiyyətik.
Bəli, bu gün ayrıca qızlar üçün universitetin mövcudluğu hüquqi baxımdan zərurət deyil. Azərbaycan qadın və kişi üçün bərabər təhsil imkanlarını təmin edən ölkədir. Dövlət universitetlərinin qapıları hər kəsin üzünə açıqdır. Məsələ də məhz bunda deyil.
Məsələ ondadır ki, "Qızlar Universiteti" adı sadəcə lövhədə yazılmış söz deyildi. O, qadın təhsilinin tarixini, qadınların elmə və ictimai həyata inteqrasiyasını simvolizə edən bir anlayış idi. Bəzən adlar da dəyər daşıyır. Bəzən institutlar yalnız diplom vermir, həm də cəmiyyətin yaddaşını yaşadır.
Əgər universitetdə problemlər var idisə, onları aradan qaldırmaq mümkün deyildimi? Əgər idarəetmədə çatışmazlıqlar mövcud idisə, onları islahatlarla həll etmək olmazdımı? Əgər akademik göstəricilər qənaətbəxş deyildisə, onları yüksəltmək üçün yeni strategiya hazırlamaq mümkün deyildimi?
Axı təhsilin fəlsəfəsi bağlamaq deyil, inkişaf etdirməkdir.
Son illərdə ölkəmizdə ali təhsilin beynəlmiləlləşməsi, universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşdırılması, elmi fəaliyyətin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu siyasətin əsas məqsədi universitetləri daha güclü etməkdir. Elə isə hər bir universitetə ilk növbədə inkişaf potensialı prizmasından baxmaq daha məqsədəuyğun olmazdımı?
Mən Qızlar Universitetinin bağlanmasına məhz buna görə təəssüflənirəm. Çünki hər bağlanan universitet cəmiyyətə bir sual verir: Biz problemləri aradan qaldırmağa çalışırıq, yoxsa onları aradan qaldırmağın ən asan yolunu seçirik?
Hacı Zeynalabdin Tağıyev yüz il əvvəl qız məktəbi açarkən cəmiyyətə ümid verib. Bu gün isə biz həmin maarifçilik ruhunu yaşatmağa borcluyuq. Çünki universitetlər sadəcə binalardan ibarət deyil. Onlar ideyaların, arzuların, gələcəyin və milli intellektual kapitalın məkanlarıdır.
Universitet bağlamaq bəzən hüquqi qərar ola bilər. Amma universitet yaşatmaq həmişə strateji qərardır. Mən istərdim ki, Azərbaycan təhsil tarixində yeni səhifələr daha çox açılan universitetlərlə yazılsın, bağlanan universitetlərlə yox.
Vüsalə Ağabəyli, filologiya üzrə fəlsəfə doktoru












































