Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu mübarizədə şərin deyil, David Seliverstovun yanındayam:Qazi atası

Bu mübarizədə şərin deyil, David Seliverstovun yanındayam:Qazi atası


Bu bir danılmaz faktdır ki, cəmiyyətin inkişafında sosial məsuliyyət hissi, vətənpərvərlik dəyərlərinə hörmət və həssas təbəqələrə dəstək hər zaman xüsusi əhəmiyyət daşıyır. Xüsusilə şəhid ailələri və qazilərə göstərilən mənəvi və sosial diqqət sağlam cəmiyyətin əsas göstəricilərindən biri hesab olunur. Çünki bu təbəqədən olan insanlara yüksək diqqət və qayğı bu gün dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva nümunəsi günümüzdə hər bir vətəndaş, xüsusilə də xeyirxah insanlar üçün bir örnəkdir. Elə Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə sədri, beynəlxalq hüquq müdafiəçisi David Seliverstov da ictimai fəaliyyətində ölkənin birinci şəxsi və birinci xanımından örnək götürərək maksimum dərəcədə şəhid və qazi ailələrinə dəstək olmağa çalışır, bunu özünün müqəddəs borcu hesab edir. Təsadüfi deyil ki, bu günlərdə çirkin qarayaxma kampaniyası ilə üzləşən, əsassız ittihamlarla qarşılaşan David Seliverstovun apardığı haqq işi uğrunda mübarizədə də onun yanında əsas yer alan məhz şəhid və qazi ailələridir. Elə 44 günlük Vətən Müharibəsinin qazisi Elşən Nəzərovun atası Fərahim Nəzərov da məhz son günlər sosial platformalarda və müxtəlif media subyektlərində David Seliverstov barəsində yayılan əsassız iddialara cavab olaraq redaksiyamıza müraciət edib.

-Fərahim bəy, David Seliverstovu müdafiə etməyə, ona qarşı başlanan qarayaxmalara cavab verməyə Sizi nə vadar etdi?

-Sadəcə insanlıq, David Seliverstova qarşı başlanan kampaniyaya etiraz etmək. Məni tanıyanlar yaxşı bilir ki, hər zaman haqqın, ədalətin tərəfində olmuşam. Haqqı nahaqqın ayağına verməmişəm. Son günlər internetdə xoşagəlməz yazılarla rastlaşırdım. Yazırlar ki, guya David Seliverstov saxtakardır, dələduzdur, yaxud cinayətkardır. David Seliverstovu az-çox tanıyan biri kimi deyərdim bu yazılanların heç bir əsası yoxdur. Bunlar hamısı cəfəngiyatdır, yalandır. İnternetdə, xəbər saytlarında David Seliverstov barədə yayılan şər-böhtan dolu yazıları oxuyandan özümə yer tapa bilmirdim. Ürəyimi boşaltmağa, cəmiyyətə David Seliverstovun necə bir vətənpərvər, xeyirxah bir insan olduğunu çatdırmağa çalışırdım. Ona görə də sizə müraciət etmək qərarına gəldim.

-Qeyd etdiniz ki, David Seliverstovu tanıyırsınız. Maraqlıdır, onunla Sizin tanışlığınız, münasibətləriniz necə olub?

-Bildiyiniz kimi mənim oğlum Elşən Nəzərov İkinci Qarabağ Müharibəsinin qazisidir. O, 44 günlük Vətən Müharibəsində bir çox istiqamətlərdə, əsas etibarilə də Suqovşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib, qəhrəmanlıq göstərib. Döyüşlər zamanı yaralanan Elşəni müalicəsi üçün müəyyən məbləğdə vəsaitə ehtiyac vardı. Dövlətimiz sağ olsun, başda Cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan dövlətinin müvafiq qurumlarına qazi oğluma göstərilən dəstəyə görə təşəkkür edirəm. Ancaq etiraf vetmək lazımdır ki, dövlətin yükü kifayət qədər böyükdür və hər bir qazi, şəhid ailəsi dövlətin himayəsi altındadır. Ona görə də bu təbəqədən olan insanlara dövlətlə yanaşı, iş adamları, sahibkarlar, xeyirxah əməl sahibləri dəstək olmalıdırlar. Mənə də bir qazi atası kimi məsləhət gördülər ki, David Seliverstova müraciət edim. Həmin şəxs David Seliverstovun çox xeyirxah, səmimi, eyni zamanda vətənpərvər biri olduğunu demişdi. Gəlib onunla görüşəndə bir daha bu dediklərimin şahidi oldum. Sanki mənə öz valideyni kimi nəvaziş göstərərək oğlumun müalicəsinə yetərli qədər dəstək verəcəyini bildirdi. Çox sağ olsun dediyi kimi də etdi və oğlum Elşənin müalicəsi üçün lazım olan xərcləri çəkdi. Müalicə bitəndən sonra da David bəy bizimlə davamlı əlaqə saxlayır, problemlərimiz, qayğılarımızla maraqlanırdı. Bu gün də eyni davranış, eyni dəstək davam edir və hər zaman bir qazi atası kimi David Seliverstov bizim yanımızdadır. Ona görə də mən özümə bir borc bilirəm ki, David bəy haqsızlıqla üzləşdiyi, qarayaxma kampaniyası ilə qarşılaşdığı bir yanda mən də əlimdən gələn qədər David Seliverstovun yanında olum. Əslində, David bəyin fərd olaraq mənim dəstəyimə də ehtiyacı yoxdur. Çünki Azərbaycan cəmiyyəti, insanlarımız, Onun dəstək verdiyi şəhid ailələləri, qazilər David Seliverstovu çox gözəl tanıyır, ona çamur yapışmadığını bilirlər. Ancaq bütün halda mən özümə mənəvi borc bildim ki, bir qazi atası kimi David Seliverstovun necə bir xeyirxah, vətənpərvər insan olduğunu insanlarımıza çatdırım.

-Sizcə bu cür vətənpərvər insanları qaralamaq, onlara qarşı şər-böhtan dolu ifadələr səsləndirməkdə məqsəd nədir?

-Məqsəd vətənpərvər, xeyirxah insanları gözdən salmaq, onların həyata keçirdiyi nəcib işə kölgə salmaq, yaxud David Seliverstov kimi yardımsevər adamları bu missiyadan çəkindirməkdir. Bu da öz-özlüyündə dövlətə, dövlətçiliyə qarşı hesablanmış zərbədir. David Seliverstov kimi onlarla, yüzlərlə iş adamı, xeyirxah insan şəhid və qazi ailələrinə dəstək verəndə istər-istəməz bu təbəqədən olan insanların sosial rifahı yaxşılaşır, onlar daha yaxşı yaşam tərzi keçirirlər. Bu həm də dövlətin yükünün azalması deməkdir ki, məhz David Seliverstov kimi insanlar öz xeyirxah əməlləri ilə dövlətin, dövlətçiliyin yanında yer aldıqlarını sübuta yetirirlər.

Ancaq ona şər atan Çingiz Qənizadə kimi bir neçə düşərgə dəyişən adamlar isə bu yaramaz fəaliyyətləri ilə təkcə David Seliverstova deyil, eyni zamanda dövlətə, dövlətçiliyə zərbə vurmaq istəyirlər. Mən buradan sual edirəm ki, Çingiz Qənizadə istər hüquq müdafiəçisi kimi, istərsə də Milli Məclisdə deputat olan zaman hansı bir xeyirxah işin sahibi olub? Yaxud deputat olanda seçicilərinin problemləri ilə bağlı hansısa məsələni qaldırıb, onun həllinə nail olubmu? Yox. Əslində Çingiz Qənizadə kimi adamların David Seliverstov və onun timsalında olan xeyirxah insanlara qarşı çıxması, şər-böhtan atması başadüşüləndir. Adam nəyləsə gündəmdə olmalıdır axı? Yaxşılıq, xeyirxahlığı bacarmır ki, əlindən gəlsin. Bunu edənlərə isə qısqanclıqla yanaşır, həzm edə bilmir. Ona görə də xislətinə uyğun olaraq qarayaxma kampaniyası ilə məşğul olur. Bir məqama da diqqət çəkmək istəyirəm. Əgər belə bir qarayaxma kampaniyası ilə bir hüquq müdafiəçisi məşğul olursa, o zaman onun məhkəmə prosesləri zamanı hüquqlarını müdafiə etdiyi insanların halına acıyıram.

-Son olaraq nə demək istərdiniz?

-Son olaraq Çingiz Qənizadədən bir Qarabağ qazisinin atası, bir Azərbaycan vətəndaşı olaraq tələb edirəm ki, şər-böhtandan, qarayaxmadan əl çəksin. Mən bir qazi atası kimi heç vaxt şərin yanında yer almamışam, ona qarşı mübarizə aparmışam. Bu mübarizədə də şərin deyil. David Seliverstovun yanındayam.

Süleyman
Xəbəri paylaş