Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin müsahibəsi Naxçıvan üçün yeni inkişaf modelinin əsas konturlarını ortaya qoyur

Prezidentin müsahibəsi Naxçıvan üçün yeni inkişaf modelinin əsas konturlarını ortaya qoyur


"Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə özündə Naxçıvan Muxtar Respublikasının inkişafının yeni mərhələsinə dair mühüm mesajlarə ehtiva etdi. Prezident nümayiş etdirdi ki, dövlət siyasətində Naxçıvana yalnız sosial-iqtisadi baxımdan inkişaf etdirilməli olan ərazi kimi deyil, Azərbaycanın təhlükəsizliyi, enerji müstəqilliyi, nəqliyyat əlaqələri və milli-mədəni irsi baxımından strateji əhəmiyyət daşıyan məkan kimi yanaşılır".

Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, Prezidentin Naxçıvana 17-ci səfərini xüsusi vurğulaması da təsadüfi deyil:

"Bu fakt dövlət başçısının muxtar respublikanın inkişafına uzunmüddətli və ardıcıl diqqət yetirdiyini göstərir. Müsahibədə sadalanan layihələr də bu siyasətin vahid inkişaf konsepsiyasından ibarət olduğunu nümayiş etdirir. Sənaye parkının yaradılması, yeni istilik elektrik stansiyasının inşası, günəş və su elektrik stansiyalarının genişləndirilməsi, yol və nəqliyyat infrastrukturunun yenilənməsi, kənd təsərrüfatına dəstəyin artırılması bu konsepsiyanın iqtisadi dayaqlarını formalaşdırır.

Xüsusilə enerji məsələsi Naxçıvanın gələcək inkişafında həlledici amillərdən biri kimi çıxış edir. 300 meqavatlıq istilik elektrik stansiyası, günəş enerjisi layihələri, su elektrik stansiyalarının inkişafı və batareya saxlanc sistemlərinin yaradılması Naxçıvanın sadəcə enerji ehtiyaclarını ödəməsinə deyil, gələcəkdə enerji ixrac edən mərkəzə çevrilməsinə hesablanıb. Bu yanaşma enerji təhlükəsizliyini iqtisadi inkişafla birləşdirir. Yəni enerji infrastrukturu həm sabitliyin təminatçısı, həm də yeni gəlir və investisiya imkanlarının mənbəyi kimi nəzərdən keçirilir".

Politoloqun sözlərinə görə, Prezident müsahibədə sənayeləşmə məsələsinə xüsusi diqqət yetiriləcəyini də qeyd etdi ki, bu da olduqca diqqətəlayiqdir:

"Naxçıvan Sənaye Parkının yaradılması yeni iş yerlərinin açılması ilə yanaşı, regionun iqtisadi strukturunun dəyişdirilməsinə imkan verə bilər. Əgər əvvəlki mərhələdə əsas məqsəd infrastrukturun yaradılması və sosial təminatın gücləndirilməsi idisə, qarşıdakı dövrdə istehsal, ixrac və özəl investisiyaların artırılması daha mühüm yer tutacaq.
Digər mühüm istiqamət insan kapitalı və sosial rifahla bağlıdır. DOST və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, uşaq bağçalarının tikintisi və təmiri, rayonlararası nəqliyyatın yaxşılaşdırılması, kənd yollarının yenilənməsi dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını göstərir. 420 kilometr yolun yenilənməsi kimi konkret hədəflər gündəlik həyatda vətəndaşların üzləşdiyi problemlərin həllinə yönəlib.

Müsahibənin mühüm tərəflərindən biri də iqtisadi inkişafla milli-mədəni irsin qorunmasının paralel təqdim edilməsidir. Möminə xatun məqbərəsinin bərpası və Əcəmi Naxçıvaninin irsinə göstərilən diqqət Naxçıvanın yalnız iqtisadi potensialına deyil, tarixi kimliyinə də xüsusi önəm verildiyini göstərir".

Yusif Bağırzadə bildirib ki, müsahibə Naxçıvan üçün yeni inkişaf modelinin əsas konturlarını ortaya qoyur:

"Güclü müdafiə, dayanıqlı enerji, sənayeləşmə, müasir infrastruktur, sosial rifah, tarixi irsin qorunması və regional inteqrasiya. Bu istiqamətlərin paralel inkişafı Naxçıvanın Azərbaycanın ümumi iqtisadi və strateji sistemində daha mühüm mövqe qazanmasına zəmin yaradacaq".

Süleyman
Xəbəri paylaş