
"Bizim ölkə gündəmini Fazil Mustafanın Səfəvi (Qızılbaş) irsimizlə bağlı milli həmrəyliyə zərbə vuran qərəzli və təxribatçı fikirləri zəbt etdiyi bir məqamda, sağımızda və solumuzda isə yaxın-uzaq ölkələrin hərbi, siyasi zəmində qruplaşması baş verir, yeni geosiyasi, geoiqtisadi bloklar, ittifaqlar qurulur. Bir yanımızda qardaş Türkiyənin Səudiyyə Ərəbistanı və Pakistanla birgə “Məkkə razılaşması”nı imzalayıb yeni regional təhlükəsizlik "çətir"i qurmasına, "müsəlman NATO-su" yaratmasına şahidlik edirik, digər tərəfdə isə ənənəvi "böyük qardaş" (Rusiya) olmadan, Orta Asiya və Cənubi Qafqaz ölkələrinin yeni bir Avrasiya yaratmaq istəklərini görürük.
Bəs, bu bloklaşmalar, bu qütbləşmələr Azərbaycan üçün hansı imkanları yaradır? Bizim bu ittifaqlara qarşı münasibətimiz necə olmalıdır? Yaxın və ya uzaq perspektivdə bizim də bu ittifaqlara qoşulmağımız mümkündürmü? Bax, bu gün cəmiyyət olaraq diqqətimizi Şah İsmayıl Xətaiyə qarşı "səlib yürüşü"nə çıxanların cılız iddialarına, hay-küyünə yox, yuxarıda qeyd etdiyim aktual məsələlərə yönəltməliyik".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. Onun sözlərinə görə, "Məkkə Anlaşması" adı altında formalaşdırılan yeni hərbi bloka istər İslam dünyasında, istərsə də qeyri-müsəlman ölkələri tərəfindən münasibət şübhəsiz ki, birmənalı deyil:
"Türkiyə-Səudiyyə-Pakistan sazişinə münasibət bildirən İran sözsüz ki, bu ittifaqın əleyhinə çıxıb. Eyni zamanda, İsrail, Hindistan, Yunanıstan, Cənubi Kipr də Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasındakı Məkkə razılaşmasını, necə deyərlər, top-tüfənglə qarşıladı. Lakin adı çəkilən ölkələrin necə reaksiya vermələrindən asılı olmayaraq, Məkkə ittifaqı gələcəkdə bir sıra digər müsəlman ölkələri üçün də strateji "yol xəritəsi"nə çevrilə bilər. Bizim ölkəmizin sözügedən ittifaqa qoşulması isə bu gün hələlik aktual deyil. Lakin gələcəkdə zərurət yaranacağı təqdirdə Azərbaycan da "Məkkə Anlaşması"na qoşula bilər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Rusiyanın "ağalıq" etdiyi toksik Avrasiya İqtisadi Birliyinin (AİB - ЕАЭС) əvəzinə, Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərinin ayrıca olaraq daha sıx birləşməsini təklif etməsi ideyası da həm postsovet məkanında, həm də regiondan çox-çox kənarda böyük maraq doğurub. Bunun da əlbəttə ki, bəlli səbəbləri var. Bu gün Çin, Xəzər dənizi, Qafqaz və Avropa arasındakı məkanda köhnə postsovet ağırlıq mərkəzindən - hazırkı Kremldən getdikcə daha az asılı olan yeni iqtisadi və siyasi reallıqlar yaranır. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan getdikcə bir-biri ilə qarşılıqlı əlaqəni genişləndirir, eyni zamanda Azərbaycan və Cənubi Qafqazın digər ölkələri ilə münasibətləri gücləndirir. Nəqliyyat, enerji, ticarət, investisiya və Orta Dəhliz tədricən iki bölgəni vahid sistemə birləşdirir. Bu fonda Mirziyoyevin ideyası artıq nəzəri bir layihə deyil, əslində gözümüzün önündə gedən proseslərin inikasıdır. Xüsusilə də yeni regional arxitekturanın müzakirəsinin Avrasiya İqtisadi Birliyi daxilindəki ziddiyətli proseslərlə eyni vaxtda baş verməsi diqqət çəkir.
Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsini xarici siyasətimizin əsas prioritetlərindən biri elan etməsi isə bu prosesə daha güclü stimul verir. Artıq hər kəsə aydındır ki, bu gün Avrasiya İqtisadi Birliyi (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi hərbi, iqtisadi birliklər yalnız Rusiya üçün faydalıdır. Bununla yanaşı, istər Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının üçtərəfli müdafiə müqaviləsi imzalaması, istərsə də Mərkəzi Asiya ölkələrinin Rusiyanın iştirakı olmadan Cənubi Qafqaz ölkələri ilə daha sıx birliyə təşəbbüs göstərməsi bu gün Azərbaycanın diqqət mərkəzində olmalıdır. Burada əsas xətt aydındır: Azərbaycan üçün dəyişən regional düzəndə yaranan strateji imkanları, riskləri və düzgün mövqeyi müəyyən etməliyik".
Komitə sədri qeyd edib ki, hazırda “Məkkə Anlaşması” və Mərkəzi Asiya–Cənubi Qafqaz yaxınlaşması fonunda Azərbaycan üçün ən vacib məsələ hansı bloka “kor-koranə” qoşulmaq deyil, çoxvektorlu, çevik və milli maraqlara söykənən siyasəti qorumaqdır:
"Ona görə də bu ittifaqlara Azərbaycanın münasibəti emosional yox, funksional olmalıdır. Yəni məqsəd “kimə yaxın olaq” sualından daha çox, ilk növbədə “bu format Azərbaycan üçün nə qazandırır?” sualına cavab tapmaqdır. Bu baxımdan, “Məkkə Anlaşması”na qoşulma ehtimalımız yuxarıda da qeyd etdiyim kimi hələlik elə də aktual deyil. Türkiyə və Pakistanla qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizin mövcudluğuna baxmayaraq hazırkı mərhələdə “Məkkə Anlaşması”na münasibət məsələsində Azərbaycan üçün daha uyğun xətt müşahidəçi aktor rolunda çıxış etməkdir".
Əlisahib Hüseynovun sözlərinə görə, Mərkəzi Asiya–Cənubi Qafqaz yaxınlaşmasında isə Azərbaycanın yeri fövqəladə dərəcədə önəmlidir:
"Bu proses Azərbaycan üçün daha təbii və daha uyğun görünür. Çünki burada həm coğrafi yaxınlıq, nəqliyyat xətti, enerji bağlantısı var, həm də Azərbaycan bölgənin aparıcı dövləti rolunda çıxış edir. Əgər bu format (Mərkəzi Asiya–Cənubi Qafqaz yaxınlaşması) institusionallaşarsa, Azərbaycan onun nüvəsində ola bilər. Bu cür formatda Azərbaycan üçün problem yox, əksinə, təbii liderlik potensialı yaranır. Çünki Azərbaycan həm Şərq–Qərb, həm Şimal–Cənub kəsişməsində yerləşir. Bütün hallarda ölkəmiz üçün hər şeyin xeyirlisini diləyirik".
Süleyman












































