
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 25-də ölkəmizdə səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az xəbər verir ki, spiker Sahibə Qafarova bu səfərin ölkələrimiz arasında qarşılıqlı hörmətə, qonşuluq və qarşılıqlı dəstəyə əsaslanan dostluq və etimad münasibətlərinin mühüm təsdiqi olduğunu bildirib. Diqqətə çatdırılıb ki, ümumi milli, mənəvi və mədəni dəyərlərlə sıx bağlı olan xalqlarımızın istəyinə uyğun olaraq ölkələrimiz müstəqillik əldə etdikdən sonra münasibətlərimiz daha da genişlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Bildirilib ki, 1992-ci ildə diplomatik münasibətlərin yaradılmasından keçən illər ərzində münasibətlərimiz ardıcıl olaraq inkişaf edib və bu prosesdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistana və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfərləri, müntəzəm siyasi dialoq xüsusi rol oynayıb. Qeyd olunub ki, ikitərəfli qarşılıqlı fəaliyyətin geniş müqavilə-hüquq bazasında Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə xüsusi yer tutur.
Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında müxtəlif beynəlxalq platformalarda əməkdaşlıq uğurla inkişaf edir. Qeyd olunub ki, 2023-cü ildə Prezident Emoməli Rəhmonun dəvəti ilə Prezident İlham Əliyevin Düşənbədə Mərkəzi Asiya dövlət başçılarının beşinci Məsləhətləşmə görüşündə fəxri qonaq qismində iştirakından sonra 2025-ci ildən etibarən Azərbaycan bu formatın tamhüquqlu iştirakçısıdır. 2025-ci ilin iyulunda Tacikistan Prezidentinin də iştirak etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Sammiti Xankəndidə keçirildi. Vurğulanıb ki, bu sammitin Qarabağda, Xankəndidə keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edirdi.
Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi münasibətlərin inkişafı, mədəni-humanitar əməkdaşlıq, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və digər mövzularda fikir mübadiləsi aparılıb. Bildirilib ki, ölkələrimizin ikitərəfli və çoxtərəfli münasibətlərinə mühüm və müsbət təsir göstərən amillərdən biri parlamentlərimizin qarşılıqlı fəaliyyətidir. Qeyd edilib ki, bu gün qanunvericilik orqanlarımız arasında çox səmərəli əlaqələr qurulub, parlamentlərarası dostluq qrupları uğurla fəaliyyət göstərir və bu əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Spiker söhbət zamanı qonaqlara Azərbaycan parlamentinin tarixi, müasir parlamentin strukturu və beynəlxalq fəaliyyəti barədə məlumat verib.
2022-ci və 2024-cü illərdə Tacikistana səfərlərini məmnunluqla xatırlayan Milli Məclisin sədri orada keçirdiyi görüşlərin və apardığı müzakirələrin əhəmiyyətindən danışıb. Spiker 2022-ci ilin martında Bakıda Azərbaycan Respublikasının Milli Məclisi ilə Tacikistan Respublikasının Oli Məclisi arasında Əməkdaşlıq haqqında Sazişin imzalanmasının mühüm əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı Milli Məclisin sədri qonaqlara işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri, insanların öz doğma yurdlarına qayıtması barədə danışıb.
Görüş üçün təşəkkürünü bildirən Tacikistanın Baş naziri Koxir Rasulzoda Prezident İlham Əliyevlə görüşünə dair təəssüratlarını bölüşüb, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Baş nazir Bakının mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsinin Azərbaycanda sabitliyin yüksək səviyyədə təmin edilməsinin və sosial-iqtisadi inkişafın göstəricisi olduğunu deyib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan razılıqla danışan qonaq Ermənistanla sülh müqaviləsinin paraflanmasının mühüm uğur olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı qonaq iki ölkə arasında nəqliyyat, turizm, humanitar sahələrdə əlaqələrin inkişafı, beynəlxalq və parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlıq, parlament diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, Bakı və Düşənbə arasında birbaşa uçuşların açılması, ikitərəfli layihələrin həyata keçirilməsi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərib ki, bu da ölkə başçılarının tapşırıqlarının uğurla icra olunduğunu göstərir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Süleyman












































