
Sentyabrın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Əli Hüseynli iclasın gündəliyinə dörd məsələnin daxil edildiyini söyləyib.
Newscenter-az xəbər verir ki, əvvəlcə, komitədə "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.
Komitə sədri Əli Hüseynli Milli Məclisdə dövlət qulluğunu tənzimləyən bir sıra qanunların qəbul edildiyini bildirib. O, bu gün ölkə Prezidenti tərəfindən Dövlət Qulluğu Məcəlləsinin parlamentə təqdim edildiyini və bunun dövlət qulluğu ilə bağlı mühüm əhəmiyyətə malik hüquqi sənəd olduğunu vurğulayıb. Məcəllənin qəbulunun dövlət qulluğu sahəsində aparılan islahatların növbəti mərhələsi kimi qiymətləndirildiyini deyib. Qeyd edilib ki, Məcəllənin qəbulu ilə hazırda qüvvədə olan bir sıra normativ hüquqi aktlarla tənzimlənən dövlət qulluğu münasibətləri daha sistemli və kompleks şəkildə nizamlanacaq, qanunvericiliyin tətbiqində vahid yanaşma təmin ediləcək.
Sonra komitənin üzvü, Dövlət Qulluğunu İdarəetmə Şurasında parlamenti təmsil edən Nizami Səfərov qanun layihəsi barədə məlumat verib. O deyib ki, dövlət qulluğunun inkişafına dair Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi Strategiyaya uyğun olaraq, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi günün tələbidir. Dövlət Qulluğu Məcəlləsinin hazırlanması da bu zərurətdən irəli gəlir. Qeyd edilib ki, dövlət qulluğu sahəsində yeni müasir hüquqi tənzimləmənin formalaşması milli qanunvericilikdə müvafiq sahəni tənzimləyən hüquq normalarının məcəllə formasında konsolidasiyasının növbəti əhəmiyyətli nümunəsidir.
Diqqətə çatdırılıb ki, Dövlət Qulluğu Məcəlləsi 5 bölmə, 15 fəsil və 94 maddəni özündə ehtiva edir və bu sahədə müvafiq hüquqi münasibətlərin hərtərəfli qaydada tənzimlənməsini nəzərdə tutur. Bununla bağlı “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” və bir sıra digər qanunlar ləğv edilir.
Bildirilib ki, Məcəllə dövlət qulluğunun idarə olunmasını, prinsiplərini, dövlət orqanları kateqoriyalarının və dövlət qulluğu vəzifələrinin təsnifatını, dövlət qulluqçularının hüquq və vəzifələrini, qulluq stajını və ixtisas dərəcələrinin verilməsi qaydalarını əhatə edir. Sənəddə, həmçinin dövlət qulluğuna qəbul, müsabiqə və müsahibə, vəzifəyə təyinat, stajorluq və sınaq müddəti, rotasiya, xidməti fəaliyyətin və səriştələrin qiymətləndirilməsi, vəzifədə irəliləyiş, əlavə təhsil və peşəkar inkişaf, əməkhaqqı və digər təminatlar, məzuniyyət, etik davranış qaydaları, intizam məsuliyyəti və dövlət qulluğuna xitam verilməsi ilə bağlı məsələlər tənzimlənir. Qeyd edilib ki, digər normativ hüquqi aktların Məcəlləyə uyğunlaşdırılması üçün keçid mexanizmi müəyyən edilir. Həmin aktlar Dövlət Qulluğu Məcəlləsinə uyğunlaşdırılanadək yalnız Məcəlləyə zidd olmayan hissədə tətbiq olunacaq. Eyni zamanda, hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanuna əsasən verilmiş və etibarlılıq müddəti başa satmamış “Dövlət qulluğu sertifikatı”nın hüququ qüvvəsi qorunur. Belə sertifikata malik şəxslər sertifikatın qüvvədə olduğu müddətdə yeni Məcəlləyə uyğun olaraq keçirilən müsahibələrdə iştirak edə biləcəklər.
Sonra Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, dövlət qulluğu məsələləri və dövlət strategiyaları ilə iş departamentinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Lalə Qədirova çıxış edərək qanun layihəsi barədə fikirlərini açıqlayıb. O, hazırda dövlət qulluğu münasibətlərini tənzimləyən bir çox qanun, fərman və qərarların mövcud olduğunu deyib. Qeyd edilib ki, dövlət qulluğu münasibətlərinin məcəllələşdirilməsində məqsəd dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, onun forma və məzmun baxımından yenidən işlənərək vahid normativ hüquqi aktda birləşdirilməsi və müasir dövrün tələblərinə uyğun normaların qanunvericiliyə gətirilməsidir. Məcəllə layihəsi hazırlanarkən qabaqcıl beynəlxalq təcrübənin öyrənildiyi də söylənilib. Bildirilib ki, sənəddə dövlət qulluğu münasibətlərini tənzimləyən bir sıra yeni müddəalar öz əksini tapıb, habelə dövlət qulluğuna dair əsas anlayışlar, vahid dövlət qulluğu sistemi, dövlət qulluğu vəzifələrinin tutulmasının ümumi şərtləri, ixtisas dərəcələri ilə bağlı, dövlət qulluğuna qəbulda xidməti fəaliyyətin qiymətləndirilməsi və digər məsələlər təsbit olunur.
Qanun layihəsi ətrafında aparılan müzakirələr zamanı komitə üzvləri Azay Quliyev, Bəhruz Məhərrəmov, Parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri – deputatlar Razi Nurullayev, Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, Arzuxan Əli-zadə, habelə iclasda iştirak edən "Cəmiyyətin İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev çıxış ediblər. Çıxışlarda məsələnin əhəmiyyətindən bəhs edilib, qeyd və təkliflər bildirilib.
Sonra tədbirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim edilib.
Bildirilib ki, sənəddə təklif olunan dəyişikliklər ölkə üzrə mühüm nəqliyyat və kommunikasiya layihələrinin, xüsusilə metro və dəmir yolu infrastrukturunun genişləndirilməsi işlərinin sürətləndirilməsinə, torpaqların dövlət ehtiyacları üçün alınması prosesində hüquqi müəyyənliyin və şəffaflığın təmin olunmasına xidmət edir.
İclasda, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.
Qeyd olunub ki, aqrar sektorda yeni maliyyə aləti kimi qanunvericiliyə daxil edilən məhsul şəhadətnaməsinin qiymətli kağız olaraq hüquqi statusu Mülki Məcəllə ilə tənzimlənir və bu yeni alət üçün ayrıca normativ əsas formalaşdırılır. Bununla yanaşı, məhsul şəhadətnaməsi üzrə öhdəliyin icra edilməməsi halında çevik və operativ tutma prosesinin həyata keçirilməsi məqsədilə “İcra haqqında” Qanuna müvafiq dəyişikliklər təklif olunur.
Daha sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında", "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) nəzərdən keçirilib.
Layihədə dövlət orqanlarının xüsusi növündə xidmətkeçən şəxslərin pul və maddi təminatı ilə bağlı normaların təkmilləşdirilməsinə, mövcud hüquqi tənzimləmənin dəqiqləşdirilməsinə və bu sahədə hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmiş dəyişikliklər öz əksini tapıb.
Komitədə müzakirəyə təqdim olunan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda komitənin sədr müavini Elşən Musayev, üzvləri Əminə Ağazadə, Kamran Bayramov, Sabir Hacıyev, Nurlan Həsənov, Mübariz Qurbanlı, Erkin Qədirli, Dövlət İmtahan Mərkəzinin Dövlət informasiya resursları departamentinin müdiri Vüqar Əkbərov, Mərkəzin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman












































