
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının “ROX Group” Səhmdar Cəmiyyəti arasında Azərbaycanda günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi imkanlarının qiymətləndirilməsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Newscenter.az-a nazirlikdən bildirilib ki, Memorandumu Energetika Nazirliyi adından energetika nazirinin müavini Elnur Soltanov, “ROX Group” Səhmdar Cəmiyyəti adından isə enerji şirkətləri üzrə İcraçı Direktorlar Şurasının sədri Pham Minh Tuan imzalayıb.
Sənəd elektrik enerjisinin ixracı məqsədilə Azərbaycanda 600 MVt gücündə quruda külək və Naxçıvan Muxtar Respublikasında 200 MVt gücündə günəş enerjisi layihələrinin həyata keçirilməsi imkanlarının araşdırılmasını nəzərdə tutur. Memoranduma əsasən, layihələrin texniki-iqtisadi əsaslandırılması, mövcud şəbəkə imkanlarının qiymətləndirilməsi və istehsal olunacaq elektrik enerjisinin müəyyən hissəsinin ölkənin elektrik şəbəkəsinə inteqrasiyası imkanlarının araşdırılması istiqamətində əməkdaşlıq ediləcək.
Süleyman












































