Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı mediatorlar Qırğızıstanda keçirilən Beynəlxalq Mediasiya Yay Məktəbini başa vurublar

Azərbaycanlı mediatorlar Qırğızıstanda keçirilən Beynəlxalq Mediasiya Yay Məktəbini başa vurublar


Qırğızıstan Respublikasının İssık-Kul bölgəsində keçirilən IV Beynəlxalq Mediasiya Yay Məktəbi öz işini başa vurub. Mərkəzi Asiya ölkələrinin mediatorlarını, beynəlxalq ekspertləri və mediasiya sahəsində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirən tədbirdə Azərbaycan Respublikası Mediasiya Şurasının nümayəndə heyəti də fəal iştirak edib.

Newscenter-az xəbər verir ki, yay məktəbi çərçivəsində iştirakçılar üçün mediasiyanın müxtəlif istiqamətlərinə, xüsusilə transsərhəd mediasiya, Sinqapur Konvensiyası, Honkonq modeli, mediasiya sazişlərinin tanınması və icrası, beynəlxalq mediasiya mərkəzlərinin fəaliyyəti və müxtəlif ölkələrin mediasiya təcrübəsinə həsr olunmuş təqdimatlar və müzakirələr keçirilib. Tədbirdə Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Türkiyə və digər ölkələrdən olan nümayəndələr arasında təcrübə və fikir mübadiləsi aparılıb.

Yay məktəbi çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvlərinə - Ülkər Zülfüqarova, Şəmsinur Allahverdiyeva, Nicat İsmayılov, Rüstəm Məhərrəmov, Venera Əsgərova, Arif Mehdiyev, Elşad Rəhimov, Günel Əliyeva, İbrahim İsmayılzadə, İlahə Musayeva, Mehman Əliyev, Qulu Süleymanov, Rəşad Ağayev, Saleh Şükürov, Tural Məmmədov, Turqut Nadirov və Vəfalı Fətullayevə tədbirdə iştiraklarını təsdiq edən sertifikatlar təqdim olunub.

Sertifikatların təqdim olunması ilə IV Beynəlxalq Mediasiya Yay Məktəbinin proqramı yekunlaşıb. Azərbaycan nümayəndə heyətinin tədbirdə iştirakı ölkəmizin mediasiya sahəsində beynəlxalq əməkdaşlığının genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi, peşəkar əlaqələrin inkişaf etdirilməsi və Mərkəzi Asiya ölkələrinin mediasiya qurumları ilə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyətli olub.

Yay məktəbinin yekununda iştirakçılar təşkilatçılara təşəkkürlərini bildirərək, keçirilən görüş və müzakirələrin gələcəkdə mediasiya sahəsində regional və beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.

Yay məktəbinin yekun mərasimində təşkilatçılar tərəfindən Azərbaycan Respublikası Mediasiya Şurasının nümayəndə heyətinə xüsusi hədiyyə təqdim olunub. Qazaxıstan, Özbəkistan və Qırğızıstanın mediatorlarını bir araya gətirən Konsorsiumun simvolunu əks etdirən xüsusi xatirə hədiyyəsinin təqdim edilməsi Azərbaycan nümayəndə heyətinin iştirakı və tərəfdaşlığına verilən yüksək dəyərin göstəricisi kimi qiymətləndirilib. Azərbaycan Respublikası Mediasiya Şurasının nümayəndə heyəti göstərilən diqqət və səmimi münasibətə görə təşkilatçılara təşəkkürünü bildirib.

Süleyman
Xəbəri paylaş