
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Səfər çərçivəsində dövlətimizin başçısı Naxçıvanda həyata keçirilən bir sıra layihələrlə tanış olub, görülən işlərlə bağlı müvafiq məlumatlar alıb.
Səfər zamanı Ölkə başçısı Azərbaycan Televiziyasına müsahibə verərək Naxçıvanın inkişafı, bölgədə həyata keçirilən layihələr və ölkəmizin qarşısında duran mühüm məsələlər barədə fikirlərini bölüşüb.
Ölkə başçısı qeyd etmişdir ki, Prezident kimi Naxçıvana artıq 17-ci dəfədir səfər edir və hər səfərin özünəməxsus əhəmiyyəti və müsbət nəticələri vardır. Onun sözlərinə görə, ötən illər ərzində Naxçıvanda bir sıra mühüm layihələr həyata keçirilib, muxtar respublikanın hərtərəfli inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb. Prezident Cənab İlham Əliyev vurğulayıb ki, səfər çərçivəsində keçirilən bugünkü tədbirlər də görülmüş işlərin davamıdır və qarşıdakı dövrdə Naxçıvanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün zəruri qərarlar qəbul ediləcək.
Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin bölgədə söz sahibi olması ölkəmizin hərbi qüdrətinin və müdafiə potensialının yüksək səviyyədə olduğunu göstərir. Naxçıvanda yeni hərbi imkanların yaradılması ilə yanaşı, iqtisadi inkişaf istiqamətində də mühüm addımlar atılır. Naxçıvan Sənaye Parkının təməlinin qoyulması bölgədə sənayenin inkişafına, yeni istehsal sahələrinin yaradılmasına və məşğulluğun artırılmasına mühüm töhfə verəcək. Əlbəttə, bu cür mühüm layihələrin həyata keçirilməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin, Naxçıvanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğının əyani göstəricisidir.
Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı











































