
İranın Ermənistandakı səfiri Xəlil Şirqulami İrəvanda sərsəm bəyanatlar səsləndirib. Bildirib ki, Azərbaycan Ermənistanla İran arasında Naxçıvan vasitəsilə əlaqənin təmin edilməsinə görə məsuliyyət daşımalı, bölgədə qurulan yeni kommunikasiyalara görə, Tehranla məsləhətləşməlidir.
Şirqulami İranın Zəngəzur dəhlizinə qarşı çıxdığını gizlətməyib və bunu ABŞ-ın TRİPP layihəsini həyata keçirməsi nəticəsində Ermənistanın suverenliyinin zəifləyəcəyi ilə əlaqələndirib.
Sanki şirə dönən Şirqulami bir qədər irəli gedərək deyib ki, Ermənistanın ərazi bütövlüyü və suverenliyi Tehran üçün “qırmızı xətt” olaraq qalır. Əgər Zəngəzur dəhlizi İrəvanın təhlükəsizliyini risk altına salsa, Tehran lazımı addımlar atacaq.
Səfir bu cür nataraz və sarsaq açıqlaması ilə heç də Ermənistanın qayğısına qalmır. Əksinə ölkəsini “Ermənistanın suverenliyinin qarantı” kimi təqdim etməklə Ermənistanın daxili işlərinə burnunu soxur.
TRİPP layihəsini Paşinyan hökuməti ABŞ-la imzalayıb. İranın bu sazişə qarışması kobud müdaxilədir, Ermənistanın suverenliyinə verilən təminat yox, diplomatik şantajdır.
İran sanki Ermənistanı özünün əyaləti və hökuməti vassalı kimi qəbul edir.
Şirqulami başa düşmür ki, “Tramp Marşrutu” artıq formalaşır, Ermənistan parlamenti layihəni bir neçə gün əvvəl təsdiqləyib.
Qatar artıq yola çıxıb. Ona görə də, bu cəfəng fikirlər səfərin özünə və ölkəsinə zərər verə bilər.
Diplomatın Naxçıvanla bağlı fikirlərinə və Azərbaycandan xüsusi imtiyaz tələb etməsinə gəlincə, bu, artıq el dilində deyildiyi kimi qaşınmadır.
Azərbaycanla tələb və əmr dilində danışmağa heç kimi haqqı yoxdur. Bu, ritorika heç kimə xeyir gətirmir, Bakı bu davranışa əlinin tərsi ilə lazımı cavab verir.
Şirqulami fikirləşib nəticə çıxarmalıdır ki, indiyə qədər İranın bir çox rəsmi şəxsləri, ayətullaları, müşavirləri də belə sərsəm bəyanatlar veriblər, indi onların çoxusunun torpağın hansı qatında olduğu məlumdur.
Ona görə də, səfir danışanda yüz ölçüb-bir biçməlidir, İrəvanda otursa da, danışığının rəvan olmasına diqqət etməlidir.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor












































