Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya -Ukrayna müharibəsi hərbi həlli yoxdur


Rusiyanın Ukraynanın enerji infrastrukturu və humanitar obyektlərinə zərbələr endirməsi, təbii ki, onun cəbhədə irəliləyə bilməməsi və yeni ərazilər işğal etməkdə çətinlik çəkməsi ilə bağlıdır. Göründüyü kimi, Rusiya bu istiqamətdə ciddi irəliləyiş əldə edə bilmir, Donbasın inzibati sərhədlərinə çıxa bilmir. Buna görə də Ukraynanın körpülərini, enerji və mülki infrastrukturunu hədəfə almaqla ölkə daxilində sosial narazılıq və etirazlara səbəb ola biləcək proseslərə təkan verməyə çalışır.

Təbii ki, bu zərbələr Ukraynanı müəyyən mənada çətin vəziyyətə salır. Ukrayna parlamentində bəzi deputatların Rusiya ilə razılaşmaya getməklə bağlı açıqlamaları da bunun göstəricisidir. Lakin nə Ukrayna hökuməti, nə də siyasi müxalifət Rusiyanın ərazi güzəştləri qarşılığında irəli sürdüyü şərtləri qəbul etməyə hazır görünür. Bu, Ukrayna üçün əsas qırmızı xətlərdən biridir.

Eyni zamanda, Avropa ölkələri, xüsusilə Almaniya, Böyük Britaniya və Fransa Ukraynanın yanında olmağa davam edir. Ukraynanın Rusiyaya ciddi güzəştlərə getməsi, əslində, ölkənin dövlətçiliyinin zəifləməsi ilə nəticələnə bilər.

Ümumiyyətlə, Vladimir Putinin məqsədi yalnız Ukraynanın müəyyən ərazilərini ələ keçirmək deyil. Moskva Ukraynanın Rusiyanın təsir dairəsində olmasını və ölkədə Rusiyaya yaxın siyasi hakimiyyətin formalaşmasını istəyir. Buna görə də Rusiya hərbi əməliyyatları dayandırmır və müharibəni davam etdirməyə çalışır. Donbasın işğalı da bu strategiyanın yalnız bir hissəsidir.

Məhz bu baxımdan, Rusiyanın ABŞ tərəfindən irəli sürülən bəzi təklifləri qəbul etməməsi də göstərir ki, Moskvanın məqsədi sadəcə neytral Ukraynanın formalaşması deyil. Rusiya daha çox öz təsir dairəsində olan, Moskvanın siyasi və təhlükəsizlik maraqlarını nəzərə alan Ukrayna istəyir. Putinin əsas strategiyası da bundan ibarətdir.

Rusiya Ukraynada qalib gəlməklə öz təsir zonasını genişləndirməyi və böyük dövlət statusunu daha da möhkəmləndirməyi hədəfləyir. Lakin Rusiyanın Ukraynanı tam işğal etmək imkanlarının əvvəlki dövrlə müqayisədə xeyli məhdudlaşdığı da görünür. Hətta Rusiya Ukraynanın mülki infrastrukturuna və şəhərlərinə böyük zərbələr endirsə belə, bunun Ukraynanın təslim olmasına gətirməyəcək. Əksinə, bu, müharibənin daha da uzanmasına və tərəflər arasında qarşılıqlı zərbələrin intensivləşməsinə səbəb ola bilər.

Ona görə də Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələdə hərbi yolla həll olunması mümkün deyil. Nə Ukrayna Rusiyanı hərbi yolla məğlub edə bilir, nə də Rusiyanın Ukrayna üzərində tam qələbə qazanmaq imkanları real görünür. Bu baxımdan, müharibənin həlli yalnız diplomatik kompromis yolu ilə mümkündür.

Yalnız Vladimir Putin mövcud reallıqları qəbul etməli, qoşunların dayandığı xətt üzrə atəşkəsə razılaşmalı və danışıqlar prosesinə qayıtmalıdır. Çünki qarşılıqlı zərbələr hər iki tərəfi böyük itkilərə məruz qoyur və uzunmüddətli perspektivdə bu müharibənin davam etdirilməsi həm Rusiya, həm də Ukrayna üçün ciddi siyasi, iqtisadi və humanitar nəticələr yaradır.

Rusiyanın nüvə silahından istifadə etməsi ilə bağlı Vladimir Putinin son açıqlamalarına gəldikdə isə, bu, daha çox Qərbə qarşı siyasi və psixoloji təzyiq vasitəsidir. Moskva bununla Qərbin Ukraynaya hərbi və siyasi dəstəyini məhdudlaşdırmağa, eyni zamanda, danışıqlar prosesində öz mövqelərini gücləndirməyə çalışır.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini
Xəbəri paylaş