Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MEDİA, Audiovizual Şura və Mətbuat Şurası millli mətbuatımızın 149 illiyinə həsr olunan birgə tədbir keçirib

MEDİA, Audiovizual Şura və Mətbuat Şurası millli mətbuatımızın 149 illiyinə həsr olunan birgə tədbir keçirib


Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Millli Mətbuatımızın 149 illiyinə həsr olunan tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçılarının bir qrupu Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edib, xatirələrinə ehtiramlarını bildiriblər.

Newscenter.az xəbər verir ki, tədbir Azərbaycan Dövlət Himninin səslənməsi və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş Vətən övladlarının və şəhid jurnalistlərin anılması ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov bildirib ki, müxtəlif dövrlərdə yoluna və ənənələrinə sadiq qalan Azərbaycan mətbuatı Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı, həssaslığı, jurnalistlərlə əsl dost münasibəti ilə inamla addımladı. Vurğulanıb ki, Prezident İlham Əliyevin sistemli siyasəti isə bu xəttə həm fundamentallıq, həm də islahat məntiqi qazandırdı. Dağbəyi İsmayılov MEDİA-nın yaranmasının və fəaliyyətinin də bu baxımdan əhəmiyyətini qeyd edərək hazırda Azərbaycan jurnalistikasının davamlı və təminatlı uğur yolunda olduğunu deyib.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında bildirib ki, Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş milli mətbuatımız bütövlükdə Azərbaycanın taleyinə təsir göstərmiş hadisədir. Rəşad Məcid Prezident İlham Əliyevin Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş mətbuata diqqət və qayğı siyasətinə sistematik məzmun qazandırdığını vurğulayıb. O da qeyd olundu ki, Azərbaycan mediası qarşısında yeni dövr açılıb və jurnalistlərin fəaliyyətlərini bu dövrün tələbləri çərçivəsində qurmaları son dərəcə vacibdir.

Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü Bəxtiyar Qaraca da nitqində jurnalistikanın daşıdığı missiyanın cəmiyyət həyatında müstəsna əhəmiyyət kəsb etdiyini deyib. O, media peşəkarlığı amilini ön plana çəkərək diqqətə çatdırıb ki, hazırkı informasiya daşıyıcıları bolluğunda bu amil başlıca meyar kimi çıxış etməkdədir.

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu çıxışında vurğulayıb ki, Prezident İlham Əliyev Heydər Əliyev şəxsiyyətinin yoluna sadiqliyini nümayiş etdirərək, mətbuatın müasir dövrün tələbləri əsasında fəaliyyətinin təşkilini, jurnalist əməyinin stimullaşdırılmasını prioritet seçdi. Belə yanaşma isə ümumən medianın ölkəmizdə və dünyada baş verən proseslərə çevik və peşəkar reaksiya vərdişlərinin formalaşmasını hədəf seçməkdədir.

Tədbirdə MEDİA Agentliyinin şöbə müdiri Səbinə Seyidova bildirib ki, Azərbaycan dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan COP29-a ev sahibliyini reallaşdıracaq. Ölkəmizin bu nüfuzlu konfransa sədrlik etdiyi dövrdə yaşıl dünya naminə həmrəylik, il ərzində həyata keçirilən çoxsaylı tədbirlərin əsas şüarına çevrildi. Medianın İnkişafı Agentliyi də iqlim dəyişmələrinə qarşı mübarizədə həmrəylik ideyasını əsas götürərək, bu ilin may ayında “Yaşıl dünya naminə media həmrəyliyi” müsabiqəsini elan etdi. Şöbə müdiri müsabiqə barədə məlumat verərək qaliblərin adlarını açıqlayıb.

MEDİA-nın şöbə müdiri Mehriban Məmmədova isə Agentliyin “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə birgə həyata keçirdiyi Medialab layihəsi çərçivəsində elan edilən “Kreativ Media - Bakı” məzmun müsabiqəsindən söz açıb. O bildirib ki, müsabiqənin məqsədi istedadlı və təşəbbüskar gənclərin seçilməsi, onların yaradıcı düşüncələrinin və komanda ilə işləmə bacarıqlarının inkişaf etdirilməsi, müvafiq istiqamətlər üzrə potensial kadrların müəyyənləşdirilməsi və işlə təminatıdır.

"AzərGold" QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin müdiri Leyla Sadıxova isə diqqətə çatdırıb ki, müasir medianın çağırışlarına uyğun, gənc, enerjili, istedadlı və ən əsası bacarıqlı jurnalistlərin yetişdirilməsinə töhfə vermək əhəmiyyətlidir və MEDİA mövcud istiqamətdə mühüm işlər gerçəkləşdirir. Bildirib ki, Medialab layihəsi çərçivəsində elan edilən “Kreativ Media - Bakı” məzmun müsabiqəsi də bunlardan biridir. O, müsabiqənin “Dağ-mədən sənayesində yaşıl həllər: iqlim, texnologiya və innovasiyalar” mövzusunun spesifikliyini, müasir dövrün çağırışları ilə səsləşdiyini, müsabiqə iştirakçılarının mövzulara orjinal və yaradıcı yanaşdıqlarını diqqətə çatdırıb.

Tədbirdə müsabiqə çərçivəsində nəticələr açıqlanıb və qalib seçilən 20-ə yaxın gənc mükafatlandırılıb.

Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə millli mətbuatımızın 149 illiyinə həsr olunmuş tədbir bədii hissə ilə davam etdirilib.

Süleyman
Xəbəri paylaş