"Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin keçmiş xarici işlər naziri Dmitro Kulebanın istefasına münasibət bildirib. O, bu barədə “Xalqın Xidmətçisi” partiyasının iclasında danışıb. Dövlət başçısı qeyd edib ki, Dmitri Kuleba ona görə vəzifəsindən istefa verdi ki, onun Ukrayna ordusunun silahla təminatı məsələsini həll etməyə enerjisi çatmırdı. Məlum olduğu kimi, D.Kuleba bu günlərdə istefa ərizəsi yazmışdı. Hətta nazirin vəzifəsini icra edə biləcək adamın adı da açıqlanıb. Qeyd olunub ki, bu adam nazirin birinci müavini Andrey Sibiqa ola bilər".
Newscenter.az xəbər verir ki, bunu politoloq Kənan Novruzov Ukraynada baş verən prosesləri şərh edərkən deyib. O bildirib ki, bundan əvvəl Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun sədri Vitali Koval istefa ərizələrini Ali Radaya təqdim etmişdilər:
Ukraynada vəzifəli şəxslərin ard- arda istefa əraziləri yazması diqqət çəkir. Maraqlıdır ki, bu, Ukraynanın müharibədə qismən təşəbbüsü ələ aldığı və Rusiya ərazisinə daxil olduğu vaxta təsadüf edir. Belə bir vaxtda nazirlər niyə istefa verməlidir ki?
Fikrimizcə, istefa ərazilərinin yazılmasının Ukraynanın təşəbbüsü ələ alması ilə eyni vaxta düşməsi təsadüfi deyil. Görünür, döyüş meydanında yaranan yeni reallıqlar Ukrayna hərbi – siyasi hakimiyyətində fikir ayrılığına səbəb olub. Təfərrüatlar barədə proqnoz vermək çətindir. Lakin mümkündür ki, V. Zelenski adı çəkilən şəxslərdən fərqli olaraq daha ehtiyatlı ritorikanın tərəfdarıdır və ya əksinə".
Kənan Novruzov qeyd edib ki. Ukrayna hazırda xeyli dərəcədə ABŞ-dən asılıdır. Bu, rəsmi Kiyevin manevr imkanlarını məhdudlaşdırır. Ola bilsin, elə bu amil də hərbi – siyasi elitada ziddiyyətləri gücləndirir:
"Başqa bir versiya ondan ibarətdir ki, ola bilsin, V.Zelenski adı çəkilən məmurların fəaliyyətlərindən narazıdır. Mümkündür ki, əslində prezident özü sözügedən kadrlardan istefa ərizələrini yazmalarını istəyib. Əks halda, yəni əgər dövlət başçısı özü bu qədər məmuru birdən – birə istefaya göndərsə idi, bu, daxildə narazılığa səbəb olardı.
Düşünmək olar ki, əgər bu istefa ərizələri yazılmasa idi, Ukrayna hərbi – siyasi elitasındakı gərginlik daha da böyüyəcək və ictimailəşəcəkdi. Ola bilsin, rəsmi Kiyev bunun qarşısını almağa çalışıb.
Onu da deyək ki, gələcəkdə Ukraynanın müdafiə naziri Rustem Umerovun da istefa ərizəsi yazması və ya istefaya göndərilməsi istisna deyil.
V.Zelenskinin açıqlamasına gəldikdə isə deməliyik ki, bu fikrin nə qədər ciddi və doğru olması sual altındadır. Bəlkə də, əsl səbəb başqadır. Hər halda nəzərə almaq lazımdır ki, Ukrayna ordusunun silahla təminatı məsələsi təkcə xarici işlər nazirinin vəzifəsi deyil. Bu işdə müdafiə nazirinin, baş nazirinin və digər vəzifəli şəxslərin də rolu var. Əgər, D.Kulebanın istefasının səbəbi, doğrudan da, V.Zelenskinin səsləndirdiyi fikirdirsə, onda gələcəkdə daha ciddi kadrların da vəzifəsindən azad olunması istisna deyil.
Əgər D.Kulebanın istefasının səbəbi, doğrudan da, silah tədarükü ilə bağlıdırsa, deməli, o, xarici əlaqələri uğurla təmin edə, tərəfdaşlardan lazımi qəədr dəstək ala bilmirdi.
Mümkündür ki, Ukraynanın hazırda əldə etdiyi nisbi üstünlüyü qoruması üçün daha çox silah- sursata ehtiyacı var. Və, ola bilsin, D.Kuleba tu tələbatı ödəməyi bacarmır.
Bütün hallarda sadaladıqlarımız sadəcə versiyalardır. Proseslərin “pərdəarxası” isə, yəqin ki, proseslərin gələcək inkişafı nəticəsində məlum olacaq".
Anar Əliyev