Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçirilib.
Newscenter.az xəbər verir ki, paytaxt məktəblərində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar “20 Yanvar-Azadlığa gedən yol”, “Vətən şəhidləri heç vaxt unutmayacaq!”, “Tariximizin şanlı səhifəsi” və digər mövzularda konfrans, seminar, mühazirə və “Dəyirmi masa”lar təşkil olunub.
Tədbirlərdə BŞTİ-nin struktur bölmə rəhbərləri, əməkdaşları, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.
Tədbirlər Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şagirdlərə 1990-cı ilin 20 Yanvar hadisələrinin baş verdiyi tarixi dövr haqqında ətraflı məlumat verilib, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizə əsil qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilib.
Qeyd olunub ki, öz suverenliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirən 20 Yanvar Azərbaycanın istiqlal yolunun başlanğıcı, milli oyanış günüdür. Milli qürur günü kimi tarixə yazılan 20 Yanvarı və bu tarixi yazanların unudulmaması, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.
Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Təhsil müəssisələrində xalqımızın milli qürur günü ilə bağlı xüsusi dərslər, kitab, foto və rəsm sərgiləri, həmçinin pedaqoji kollektiv və şagirdlərin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.
Ruhiyyə Mehdiyeva