Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkənddə 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub

Daşkənddə 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub


Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə səfirliyimizin və Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun nümayəndələri, jurnalistlər iştirak ediblər.
Əvvəl ulu öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə və şəhidlər bağına çiçək dəstələri qoyulub.

İlk öncə, mərasim iştirakçıları 20 Yanvar faciəsi, Qarabağ münaqişəsi, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı kitab sərgisinə, həmçinin fotostendə baxıblar.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında məlumat verib.

Səfir qeyd edib ki, "Qara Yanvar" hadisələri SSRİ-nin dağılması prosesində dönüş nöqtəsi və Azərbaycan xalqının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin simvolu olub. Tədbir iştirakçılarına məlumat verilib ki, 19-20 yanvar 1990-cı il tarixində Sovet qoşunları tərəfindən Azərbaycanda 147 mülki şəxs qətlə yetirilib, 744 günahsız mülki şəxs yaralanıb, onların bir çoxu əlil qalıb. Diplomat qeyd edib ki, Ermənistanın təcavüzkar hərəkətlərinə, eləcə də SSRİ rəhbərliyinin Cənubi Qafqazdakı hadisələrə qarşı qərəzli münasibətlərinə etiraz edən kütlələrin genişmiqyaslı çıxışlarının yatırılması üçün sovet ordusunun hissələrinin Azərbaycan şəhərlərinə daxil edilməsi faciəyə səbəb olub.
Səfir qeyd edib ki, xalqımızın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyəti sayəsində faciəyə siyasi qiymət verilib. 20 yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğu deyən diplomat, bu günün bütün dünya azərbaycanlıları tərəfindən əziz tutulduğunu da vurğulayıb.

Özbəkistan Ali Məclisi Senatının üzvü Husan Ermatov öz çıxışında, 20 Yanvar faciəsi artıq Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsi kimi iz buraxılması, habelə şəhidlər Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını verməsi qeyd edərək, bunu əsl qəhrəmanlıq kimi adlandırıb.

Sonra “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Daşkənd şəhər şurasının deputatı Cəmilə Şermuxammedova, alim və tərcüməçi Babaxan Şərif və başqaları sovet ordusunun Bakıda törətdiyi vəhşiliklər haqqında danışıblar, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu söyləyərək, keçmiş SSRİ rəhbərlərini ittiham ediblər.

Sonda Mədəniyyət Mərkəzinin nəzdindəki Azərbaycan dili kursunun şagirdləri 20 Yanvar faciəsinə dair şeirlər söyləyiblər.

Süleyman
Xəbəri paylaş