O qanlı tarixdən 35 il keçir. 35 il əvvəl təpədən dırnağa qədər silahlanmış rus qoşunları silahsız, əli yalın xalqa, azadlıq, müstəqillik istəyən Azərbaycan xalqına qarşı tarixi cinayətə əl atdı. Xalqın azadlıq istəyini boğmaq, bu istək, arzuda olanlara göz dağı vermək üçün Bakıda qətliam həyata keçirdi. Yanvarın 19-dan 20-nə keçən gecə də daxil olmaqla bir neçə gün ərzində rus qoşunları Azərbaycanda 146 nəfəri qətlə yetirdi, 744 nəfərə müxtəlif dərəcəli xəsarət vurdular.
Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər də oldu. Bundan başqa 841 nəfər qanunsuz olaraq həbs olundu, rus əsgərləri tərəfindən 200 ev və mənzil, 80 avtomaşın məhv edildi. Azərbaycana qətliama gələn sovet qoşunları hətta yaralı insanlara köməyə gələn təcili yardım maşınlarını da atəşə məruz qoymuşdu.
Yanvar hadisələrinə nəzər saldıqda aydın olur ki, əslində xalqımıza qarşı həyata keçirilmiş bu cinayət, qətliam əvvəlcədən planlaşdırılmışdı. Belə ki, əvvəlcədən planlaşdırılmış hərbi cinayət ssenarisinə əsasən, 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan qışlasında (kazarmasında) yerləşdirilmişdir. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Bu cinayət ssenarisinin hazırlanmasını yol açan səbəb isə xalqın o zamankı Azərbaycan rəhbərliyinin yarıtmaz siyasətindən narazılıq ifadə etməsi, müstəqillik arzularını dilə gətirməsi idi.
Belə ki, siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayət. Milli maraqlara zidd addımlar atan Azərbaycanın ozamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdi.
Hər nə qədər acı faciə, aöır itki olsa da, bütün halda 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Rus qoşunlarının Bakıda törətdiyi bu qanlı hadisənin dünyaya çatdırılması, ona hüquqi-siyasi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin xüsusi xidmətləri, böyük əməyi olun desək yanılmarıq. Elə həmin faciənin ertəsi günü bu qırğını həyata keçirən dövlətin paytaxtında 20 Yanvar hadisəsinin bir cinayət olduğunu, Bakıda qətliam törədildiyini dünyaya bəyan etmək ürək, cəsarət istyəyirdi. Bunu da məhz Heydər Əliyev kimi güclü siyasilər edə bilərdi.
Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
Heydər Əliyevin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Eyni zamanda Heydər Əliyevin gərgin əmək, fəaliyyət sərf edərək 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı.
Günümüzdə Azərbaycan dövləti və şəxsən dövlət başçısı 20 Yanvar qurbanlarını, mübariz oğul və qızlarımızın şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. Hələ Ulu Öndərin zamanında Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Cənab Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır.
İlham Məmmədov, Milli Məclisin deputatı