"Dünyasını dəyişən uşaqlara Allahdan rəhmət, yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirəm. Yaralananların Allah şəfasını versin. Ağır və üzücü hadisədir. Çox təəssüf ki, hər il ölkəmizdə yüzlərlə insan avtoqəzalar nəticəsində dünyasını dəyişir, şikəst olur. Avtoqəza törətmiş bəzi şəxslər hətta öz ailə üzvlərinin ölümünə səbəb olur".
Newscenter.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə verdiyi açıqlama səsləndirib. Millət vəkili bildirib ki, başlanmış cinayət işi günahkarları müəyyən edəcək və həmin şəxs, yaxud şəxslər qanunla müəyyən olunmuş qaydada cəzalandırılacaq:
"İnsanların hadisəyə emosional reaksiyası qəzanın ağır nəticələri səbəbindən başa düşüləndir. Cəmiyyətimizdə hələ də müharibə həyəcanı qalmaqdadır. Ukraynadakı müharibə səbəbindən Rusiyada işləyən soydaşlarımızın ailə üzvlərinə göndərdiyi maliyyə vəsaitinin həcmi kəskin şəkildə azalıb, qonşu ölkələrlə quru sərhədlərin qapadılması səbəbindən bir çox vərtəndaşımızın həmin ölkələrdən ucuz bazarlıq etmək, sərhədyanı ticarətlə məşğul olmaq imkanları aradan qaldırılıb. İnflyasiyanın artım tempi insanların gəlirlərinin artım tempini üstələyir ki, bu da əlavə sosial gərginlik yaradır. Ona görə mütəmadi olaraq hökuməti sərhədləri açmağa, iqtisadi islahatları genişləndirməyə çağırıram".
Millət vəkili onu da qeyd edib ki, hadisə ehtiyatsızlıqdan törədilib:
"Bu kimi hadisələr dünyanın ən inkişaf etmiş və insan həyatına yüksək qiymət verilən mədəni ölkələrində də baş verir. Bəzi Qərb ölkələrində polis zorakılığından ölənlərin sayı minlərlədir. Şükür Allaha ki, bizdə belə hadisələr baş vermir. Avtoqəza hadisəsindən siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir. Biz onsuz da son vaxtlar polisə, təhlükəsizlik orqanlarına qarşı xaricdən sistemli şəkildə təşkil olunan və aparılan qara piar kampaniyasını müşahidə etməkdəyik. Hesab edirəm, emosional vəziyyətdə etiraz aksiyasına qoşulmuş və polis avtomobilinə ziyan vuran şəxslərə münasibətdə də sərt qərarlar qəbul olunmamalıdır. Ölkəmizin inkişafı və təhlükəsizliyimiz üçün ölkəmizdə sabitlik qorunmalı, eyni zamanda islahatlar həyata keçirilməlidir".
Süleyman