O qanlı gecədən 35 il keçir. Tarix boyu qətliamlar, deportasiya və soyqırımlara məruz qalan Azərbaycan xalqı düz 35 il əvvəl də eyni acını, taleni yaşadı. Özü də sivil dünyanın, haqq və ədalət, insaq hüquq və azadlıqlarından, demokratiya, azadlıqdan ağız dolusu danışan və özlərini super güc hesab edən ölkələrin gözünün qarşısında. Əli yalın, istəyi yalnız azadlıq, müstəqillik olan bir xalqa qarşı sovet ordusu tərəfindən qətliam həyata keçirildi.
Xüsusi təlimat əsasında Azərbaycana göndərilmiş sovet qoşunlarına xalqın gözünü qırmaq, Azərbaycan vətəndaşları arasında qorxu yaratmaq, azərbaycanlıların müstəqillik, azadlıq istəklərini yerindəcə boğmaq, həmçinin maksimum dərəcədə qətliam həyata keçirmək tapşırığı verilmişdi.
Tapşırığın icrası isə yalnız Bakı şəhəri ilə kifayətlənməli deyildi. Sovet qoşunları Azərbaycanın digər iri şəhər və rayonlarında da qətliamlar törətməli idi ki, xalq bir daha müstəqillik, azadlıq fikrinə düşməsin. Elə buna görə də rus qoşunlarının cəza əməliyyatı Azərbaycanın regionlarını da əhatə etdi və yanvar qətliamı zamanı ümumilikdə Azərbaycanda 146 nəfər öldürüldü, 744 nəfərə müxtəlif dərəcəli xəsarət yetirildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər də oldu. Bundan başqa 841 nəfər qanunsuz olaraq həbs olundu, rus əsgərləri tərəfindən 200 ev və mənzil, 80 avtomaşın məhv edildi. Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycana qətliama gələn sovet qoşunları hətta yaralı insanlara köməyə gələn təcili yardım maşınlarını da atəşə məruz qoymuşdu.
Bütün cəhdlərə və qətliamlara baxmayaraq Azərbaycan xalqının müstəqillik və azadlıq eşqini qırmaq, məhv etmək mümkün olmadı. Çünki bu faciəni, qətliamı unutdurmağa çalışanlara qarşı Azərbaycan xalqının tanınmış ictimai-siyasi xadimləri, zamanında müxtəlif vəzifələrdə çalışmış dövlət adamları tərəfindən davamlı olaraq iş aparılır, bu cinayəti həyata keçirənlərin tarix, beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsi üçün müvafiq addımlar atılırdı. Ümummilli lider Heydər Əliyevin qətliamın ertəsi günü Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu hadisəni qəti şəkildə pisləməsi məhz bu istiqamətdə atılan addımlardan idi. Qətlə yetirilmiş insanlarımızın qanı soyumadan, Bakının küçələri insan qanından tam təmizlənmədən Heydər Əliyevin həmin qətliamı həyata keçirən Moskvanın mərkəzində belə nümayiş etdirdiyi bu cəsarət Azərbaycan xalqına güc, qüvvət vermiş oldu. Qətliamlar, qırğınlara baxmayaraq xalqın azadlıq, müstəqillik istəyini boğmaq, onu bu hüquqdan məhrum etmək keçmiş SSRİ rəhbərliyinə nəsib olmadı. Bakıda başlanan müstəqillik arzuları tezliklə bütün ölkəyə yayıldı və Azərbaycan əli xalqın qanıan batmış ittifaqdan çıxaraq özünü müstəqil elan etdi.
Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, necə ki, faciənin ertəsi gün Ümummilli Lider cəsarət nümayiş etdirərək ittifaqın mərkəzində bu qanlı hadisəni töprədənləri cinayətkar adlandırdı, eyni ilə də məhz Heydər Əliyevin respublikaya ikinci dəfə rəhbərlik etdiyi ildə, 1994-cü il, martın 29-da 20 yanvar faciəsinə Azərbaycan Respublikasının Milli Məclisi səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi.
Bu gün əminliklə deyə bilərik ki, faciənin 35-ci ilində Azərbaycan xalqı, hər bir vətəndaşımız torpaqlarının azadlığı və bütövlüyü uğrunda şəhid olan oğul və qızlarının ziyarətinə alnıaçıq gedir. Çünki Azərbaycan 20 Yanvar şəhidlərinin əsas istəyi və arzusu olan öz ərazi bütövlüyünü Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin liderliyi ilə bərpa edib, azadlığa qovuşub. Uzun illər erməni işğalı altında olan ərazilərini müstəqil Azərbaycan dövləti düşməndən azad edib. Ona görə də əminliklə deyə bilərik ki, bu gün Şəhidlərimizin ruhu şaddır.
Arzuman Muradlı, “Milli İnkişaf” İctimai Birliyinin sədri