Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektron dərslik portalında 39 dərslik yenilənib



Newscenter.az.25.10.2019. Dərsliklərin elektron formatda hazırlanaraq www.e-derslik.edu.az portalına yerləşdirilməsi prosesi davam etdirilir.

Newscenter.az-a Təhsil Nazirliyindən bildirilib ki, artıq Azərbaycan və rus bölmələri üzrə portalda mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 12-si, 4-cü sinif dərsliklərindən 8-i və 8-ci sinif dərsliklərindən 4-ü olmaqla ümumilikdə 39 dərslik yeniləri ilə əvəzlənib.

Hazırda portalda 233 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 257 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 27-yə çatdırılıb.

Qeyd edək ki, www.e-derslik.edu.az elektron dərslik portalı cari tədris ilinin əvvəlindən bu günədək ölkə üzrə saytların reytinq cədvəlində 85 pillə yüksələrək 46-cı olub. Bu müddət ərzində portala giriş sayı 512 748-ə, səhifələrə ümumi baxış sayı isə 3 790 938-ə çatıb. Ötən ilin müvafiq dövründə isə portala giriş sayı 326 821, səhifələrə ümumi baxış sayı isə 2 254 474 olub.

Oktyabr ayı ərzində portala gündəlik ortalama giriş sayı 12 500 olub. Bu dövr ərzində portala ən çox müraciət edən ilk 5 ölkə Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan və ABŞ-dır. Portalda ən çox müraciət edilən 5 dərslik isə ardıcıl olaraq riyaziyyat (6-cı sinif), ingilis dili (7-ci sinif), ingilis dili (5-ci sinif), riyaziyyat (7-ci sinif) və coğrafiya (6-cı sinif) olub.

Xatırladaq ki, cari ilin ilk 9 ayı ərzində e-derslik portalına giriş sayı 1 754 280, səhifələrə ümumi baxış sayı isə 14 625 792 olub. 2018-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 1 037 849 və 8 163 538 təşkil edib.

R.Mehdiyeva
Xəbəri paylaş