Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

3 il ərzində illik ting istehsalı 2 milyon ədədə çatdırılacaq



Newscenter.az.2.11.2019. Aqrar Elm və İnnovasiya Mərkəzinin Gənc Alimlər Şurasının təşəbbüsü ilə Qubada yerləşən Kənd Təsərrüfatı Nazirliyi yanında Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda (MÇETİ) gənc alimlər üçün “İnnovativ düşüncələrinizi reallaşdırın!” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Bu barədə Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, MÇETİ-nin direktoru İlham Qurbanov deyib ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının prioritet sahələrindəndir və bu sektorun inkişafına ölkəmizdə böyük dəstək göstərilir. Qloballaşan dünyada hər hansı bir sahəni innovasiyalarsız təsəvvür etmək mümkün deyil. Kənd təsərrüfatı sektorunda da nailiyyətlərin əldə olunması məqsədilə innovativ texnologiyalardan geniş istifadə etmək qarşıya qoyulan əsas məqsədlərdəndir. Aqrar sahədə innovasiyaların tətbiqi gəncləri səfərbər etməyə imkan verən vacib vasitələrdən biridir. Gənclərin innovasiyalara meyilli olması onları bu sektorla maraqlanmağa sövq edir.

Daha sonra Meyvəçilik və Çayçılıq, Üzümçülük, Tərəvəzçilik, Əkinçilik və Baytarlıq Elmi-Tədqiqat institutlarının gənc alim və mütəxəssisləri mövzu ətrafında çıxışlar edib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində iştirakçılar MÇETİ-nin laboratoriyaları və istixana kompleksi, həmçinin Zərdabi adına Elmi Təcrübə Bazasındakı tingçilik təsərrüfatı ilə yaxından tanış olublar. Gənc alim və mütəxəssislərə məlumat verilib ki, institutda yaradılan biotexnologiya laboratoriyası ölkədə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Laboratoriyadakı iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir. Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan eyni bitkilərin alınması mümkündür. Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinglərinə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. İnstitutda yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.

Qeyd edək ki, Gənc Alimlər Şurasının təşəbbüsü ilə analoji konfranslar digər elmi-tədqiqat institutlarında da keçiriləcək.

Orxan
Xəbəri paylaş