Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Prezidentinin qlobal təşəbbüsləri dünyada yüksək qiymətləndirilir



Newscenter.az.16.05.2020. Bu gün dünya koronavirus xəstəliyi səbəbindən yaranan ağır böhrandan, iqtisadi tənəzzüldən çıxış yollarını axtarır. Dünyanın beyin mərkəzləri, aparıcı təsisatlar müxtəlif proqnozlar verir, çıxış yollarını arayırlar. Təbii ki, dünyanın ən aparıcı ölkələrində belə koronavirus infeksiyası səbəbindən yaranan böhranın nəticələrinin aradan qaldırılması üçün kifayət qədər böyük zamana ehtiyac var. Lakin zamandan səmərəli istifadə edərək qısa vaxtda müvəffəqiyyət qazanmaq da mümkündür. Tarix göstərir ki, yalnız ən uğurlu liderlər ən ağır günlərdə müdrik, qətiyyətli qərarları, təşəbbüsləri ilə qarşıya çıxan problemləri həll edir, xalqları ağır günlərdən üzüağ çıxarmağa müvəffəq olurlar. Bu gün dünyanın ağır böhranla üz-üzə olduğu bir zamanda məntiqə, əsaslı arqumentlərə söykənən təşəbbüslərlə çıxış edən Prezident İlham Əliyev bütün dünyanı əməkdaşlığa, həmrəyliyə çağıraraq əsl liderlik keyfiyyətlərini bir daha nümayiş etdirir, yalnız birgə atılan addımlarla bu sınaqdan üzüağ çıxmağın mümkünlüyünü vurğulayır.

Zirvə görüşləri: Azərbaycanın qlobal əməkdaşlıq təşəbbüslərinə dəstək

Ötən illərə nəzər salsaq, liberal-demokratik dövlət olan Azərbaycanın dəfələrlə sülhü, əməkdaşlığı təbliğ edən çağırışlarının şahidi olarıq. Hər zaman ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Azərbaycan öz xarici siyasət xəttini də bu prinsiplərə əsasən qurur. Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi və daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu bəyan edir. Azərbaycan ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda belə bu xəttə sadiqliyini nümayiş etdirərək onu uğurla həyata keçirir. Məhz bu səbəbdəndir ki, bu gün dünya Azərbaycanın liderliyini qəbul edir, ölkəmizin irəli sürdüyü təşəbbüslərə öz dəstəyini verir.

Pandemiyanın bütün dünyaya sürətlə yayıldığı bir zamanda Azərbaycan Prezidenti sədri olduğu Türk Şurasının fövqəladə Zirvə görüşünü keçirməklə regional əməkdaşlıq çağırışı etdi. Bu Zirvə görüşü ilə Türk Şurası həm də COVID-19 pandemiyasına həsr olunmuş Sammit keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü. Azərbaycan Prezidentinin bu təşəbbüsü üzv dövlətlər tərəfindən də dəstəkləndi və belə ağır məqamda daha sıx əməkdaşlığın zəruriliyi vurğulandı. Bu Zirvə görüşündən bir müddət sonra Türk Şurasına üzv və müşahidəçi ölkələrin İqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfrans formatında müzakirələrində isə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün həyata keçiriləcək praktik tədbirlər müzakirə edildi.

Beynəlxalq münasibətlər sisteminin əsas aktorları ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələrinə malik ölkəmiz dünya miqyasında böyük hörmət və nüfuza malikdir. BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik isə dünya dövlətlərinin Azərbaycana marağının bariz göstəricisidir. Bu gün dünyanın aparıcı mətbuat orqanları, tanınmış siyasətçilər qeyd edirlər ki, Azərbaycanın bu Hərəkata sədrliyi qurumun fəaliyyətində mühüm dönüş yaradıb. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi ilə bağlı əhatəli Tədbirlər Planı hazırlayaraq, buna uyğun praktik fəaliyyətə başlayıb. Ölkəmiz qısa zaman kəsiyində təşkilatın fəaliyyətində əsaslı dəyişikliklər yaratmağı bacarıb. Koronavirus pandemiyasının geniş yayıldığı bir dövrdə Azərbaycanın baş verən proseslərə çevik reaksiyası sayəsində mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirildi. Bu Zirvə görüşü Azərbaycanın koronavirus pandemiyası, yaranmış iqtisadi böhranla mübarizədə həmrəylik və əməkdaşlıq təşəbbüsü ilə yanaşı, Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolu artırmaq əzmində olduğunu bir daha nümayiş etdirdi. Həmçinin qeyd olunmalıdır ki, BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun, Afrika İttifaqı Komissiyasının sədrinin Zirvə görüşünə qatılması, BMT Baş katibinin və Avropa İttifaqının ali nümayəndəsinin Sammitdə videomüraciətlə çıxış etmələri Azərbaycan Prezidentinə, onun təşəbbüslərinə beynəlxalq miqyasda göstərilən böyük dəstəyin və rəğbətin nümunəsidir.

Sərhədlərin bağlandığı dövrdə müasir texnologiyalar vasitəsilə qurulan əlaqələr


Azərbaycan son illər həyatın müxtəlif sahələrində rəqəmsal texnologiyaların tətbiqinə xüsusi önəm verir. 2016-cı il dekabrın 6-da təsdiqlənən “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə ölkəmizdə bu istiqamətdə görüləcək işlər aydın şəkildə əks olunub. Ötən müddət ərzində dövlət təşkilatlarında informasiya sistemlərinin təkmilləşdirilməsi, İKT sahəsində bilik və bacarıqların artırılması, rəqəmsal təhsilin inkişafı, hökumətin və sosial mühitin rəqəmsallaşdırılması və digər bu kimi istiqamətlər üzrə mühüm addımlar atılıb.

Əlbəttə ki, ölkələr arasında sərhədlərin bağlandığı, insanlar arasında ünsiyyətlərin minimuma endirildiyi, sosial məsafələrin saxlanılmasının vacibliyinin vurğulandığı bir dönəmdə müasir texnologiyaların imkanlarından geniş istifadə zərurəti yarandı. Azərbaycanda yaradılan İKT infrastrukturu bu müddətdə müasir texnoloji yeniliklərin tətbiqinə imkan verir. Dövlət orqanlarında videokonfransların təşkili, elektron hökumətin inkişafı mərkəzi icazələrin alınması və monitorinqi sistemi, həmçinin digər bu kimi addımlar ölkəmizdə müxtəlif sahələrin rəqəmsallaşdırılması, İKT infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atılan addımların səmərəliliyini nümayiş etdirir.

Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda da Azərbaycanda bu istiqamətdə görülən işlər təqdir edildi. Qeyd edək ki, pandemiya dövründə Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən hər iki Zirvə görüşü CISCO-nun teleiştirak texnologiyasından istifadə edilməklə təşkil olunmuşdu. Əlbəttə ki, bu fakt özü həmin şirkətin nüfuzundan xəbər verir. Amerika Birləşmiş Ştatlarının və dünyanın yüksək texnologiyalar sahəsində ixtisaslaşmış ən nüfuzlu şirkətlərindən olan CISCO 1984-cü ildə qurulub. Korporativ şəbəkələr üçün avadanlıqların istehsalı ilə məşğul olan şirkət müxtəlif ölkələrlə, o cümlədən Azərbaycan ilə əməkdaşlıq edir. Bu şirkət Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “ASAN xidmət”lə yaxından əməkdaşlıq edir. Həmçinin şirkət ölkəmizdə bir sıra mühüm tədbirlərin təşkil olunmasında da iştirak edib. Bundan əlavə, “Ağıllı kənd təsərrüfatı” və kibertəhlükəsizlik məsələlərini səmərəli şəkildə həyata keçirmək üçün Azərbaycan tərəfi ilə birlikdə iş aparılır. “Ağıllı şəhər” layihəsi çərçivəsində isə “Əlaqələndirilmiş Mərkəzi Avtobus Dayanacağı” pilot layihə konsepsiyası uğurla tamamlanıb və bir sıra digər layihələr üzrə iş aparılır. Dövlətimizin başçısının bundan əvvəl də CISCO şirkətinin rəhbərləri ilə keçirilən görüşləri, aparılan müzakirələr əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən videokonfransda da görülən işlər nəzərdən keçirildi, perspektiv layihələrlə bağlı məsələlər diqqət mərkəzində oldu. Bu videokonfransın özü bir daha Azərbaycanın müasir texnoloji inkişafla ayaqlaşdığını, İKT infrastrukturunun qurulması istiqamətində görülən işlərin daim diqqət mərkəzində saxlanıldığını deməyə əsas verir.

Azərbaycan Prezidentinin təqdir olunan təşəbbüsləri və beynəlxalq miqyasda verilən yüksək qiymət

Baş verən istənilən qlobal gərginlik beynəlxalq münasibətlər sisteminin gələcəyi ilə bağlı qeyri-müəyyənliklər, suallar yaradır. Lakin istənilən halda qlobal qarşılıqlı faydalı əməkdaşlıq hər bir böhrandan çıxmaq üçün ən doğru yoldur. Sovet İttifaqının dağılmasından sonra beynəlxalq münasibətlər sistemində yaranmış qeyri-müəyyənlik fonunda müxtəlif bölgələrdə münaqişələr başladı. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizi işğal olundu. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ölkənin belə bir ağır vəziyyətində çıxış yolunu dünya dövlətləri ilə əməkdaşlıqda gördü. Ulu Öndər öz şəxsi nüfuzundan və beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsindən istifadə edərək Azərbaycanı qlobal müstəviyə çıxara bildi, dünya dövlətlərini Azərbaycanla əməkdaşlığa cəlb etməyə nail oldu. Əlbəttə, dünyanın güclü dövlətlərini, tanınmış şirkətlərini müharibə şəraitində olan, yenicə müstəqilliyini bərpa etmiş bir ölkəyə sərmayə yatırmağa inandırmaq o qədər də asan deyildi. Şəxsi nüfuzu, diplomatiya elminin sirlərini dərindən bilməsi sayəsində Heydər Əliyev qısa müddətdə Azərbaycanın, ilk növbədə, iqtisadi əməkdaşlıq üzərində qurulan gələcəyini təmin edə bildi. Artıq özünü sübut etmiş liberal iqtisadi nəzəriyyənin də əsas təməl prinsipi məhz budur: Dövlətlər yalnız qarşılıqlı səmərəli əməkdaşlıqla iqtisadi qüdrətlərini artıra bilərlər. Sülhə, inkişafa yalnız qarşılıqlı iqtisadi əməkdaşlıqla nail olmaq mümkündür.

Bəli, bu gün də dünyamız ağır böhranla üz-üzədir. Belə çətin məqamda – sərhədlərin bağlandığı, beynəlxalq tədbirlərin ləğv edildiyi, yaxın təmasların olmadığı bir müddətdə müasir texnologiyaların tətbiqi ilə əməkdaşlığın davamlılığını qorumaq zəruridir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə videokonfrans formatında Zirvə görüşlərinin, digər görüşlərin keçirilməsi həm də onu sübut etdi ki, yaxın təmaslar olmadan da beynəlxalq əməkdaşlığı qurmaq və onu inkişaf etdirmək mümkündür. Azərbaycan Prezidentinin bu məsələdə liderlik keyfiyyətlərini ortaya qoyması, mötəbər beynəlxalq təşkilatların Zirvə görüşlərini keçirməsi sözsüz ki, pandemiya ilə mübarizədə dövlətlərarası, təşkilatlararası əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, bütün bunlar ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirir. Azərbaycan Prezidentinin bu təşəbbüsləri həm də dövlətimizin başçısının Ulu Öndərin əsasını qoyduğu və inkişaf etdirdiyi siyasətə sadiqliyinin göstəricisidir.

Digər tərəfdən, dünyanın aparıcı ölkələrinin çarəsiz qaldıqları şəraitdə Azərbaycan dövlətinin xalqın sağlamlığının, təhlükəsizliyinin qorunması, istərsə də milli iqtisadiyyata xarici mənfi təsirlərin minimuma endirilməsi və insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində atdığı qətiyyətli addımlar beynəlxalq təşkilatlar tərəfindən alqışlanır və digər ölkələrə nümunə göstərilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Prezident İlham Əliyevə ünvanladığı məktubda COVID-19-a qarşı mübarizədə qabaqlayıcı tədbirlər həyata keçirməsi istiqamətində Azərbaycan Hökumətinin gördüyü işləri yüksək qiymətləndirib. Eyni zamanda, o, Azərbaycan Respublikası Prezidentinin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyini nümunəvi adlandırıb və bunun Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş ardıcıl tədbirlər zamanı aydın şəkildə özünü büruzə verdiyini xüsusilə qeyd edib. O, həmçinin Azərbaycan Prezidentinin təşəbbüsü ilə videokonfrans formatında keçirilən Zirvə görüşlərinin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Bundan əlavə, CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerin Prezident İlham Əliyevin iştirakı ilə keçirilən videokonfransda səsləndirdiyi fikrə diqqət çəkmək istərdim. “Əslində, yaxşı və xoş təəssürat bağışlayan haldır ki, COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik səylərinizi nümayiş etdirdiniz. Çox böyük təəssürat bağışladı. Bir daha bu işlərə rəhbərlik etdiyinizə görə Sizə minnətdarıq”. Dünyanın texnologiya sahəsində ən böyük şirkətlərindən birinin rəhbərliyində təmsil olunan xanım Kramerin bu fikri Azərbaycanın, onun Prezidentinin təşəbbüslərinə beynəlxalq səviyyədə verilən böyük dəstəyin daha bir göstəricisidir.

Digər diqqətçəkən məqam isə Respublika Günü münasibətilə ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə göndərilən təbrik məktubunda yer alan fikirlərdir. Məktubda Donald Tramp Birləşmiş Ştatların Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyini vurğulayır, ölkələrimizin beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il ərzində davam edən əməkdaşlığı və Azərbaycanın töhfələrini yüksək qiymətləndirir.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidentinin təklif etdiyi qarşılıqlı faydalı əməkdaşlıq modeli dünya ictimaiyyəti tərəfindən birmənalı olaraq dəstəklənir. Azərbaycanın liderliyi, bu istiqamətdə verdiyi töhfələr dünya ölkələri tərəfindən rəğbətlə qarşılanır.

Əsəd Məmmədov AzərTac-ın redaksiya müdiri
Xəbəri paylaş