Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və açıq bəyanatı hər kəsə aydındır



Newscenter.az.24.09.2020. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağla bağlı növbəti dəfə ziddiyətli fikirlər söyləyib. Lavrov deyib ki, Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır. Bəyanatda ikili standartlardan irəli gələn açıq siyasi riyakarlıq özünü biruzə verir. İlk növbədə, qeyd etmək lazımdır ki, Lavrovun başqa bir dövlətin ərazi bütövlüyünün əleyhinə fikirlər söyləməsinə heç mənəvi-hüqüqi haqqı çatmır. Azərbaycan Respublikasının ərazi bütövlüyü beynəlxalq hüquq tərəfindən, BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən tanınmışdır.

Dağlıq Qarabağ ölkəmizin ərazisi qəbul edilibdir. Münaqişənin sülh yolu ilə nizamlanmasında əsas vasitəçi tərəf olan ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən Rusiya Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir. Rəsmi Moskva beynəlxalq səviyyədə, eləcə də Sergey Lavrov özü də dəfələrlə regional münaqişələrə dair keçirilən görüşlərdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edibdir. Belə olan halda Lavrovun çaşdırıcı fikir söyləməsi münaqişənin sülh yolu ilə nizamlanması prosesinin ahəngdarlığına ziyan vuran təxribat xarakteri kimi qəbul edilməlidir. Eyni zamanda, faşizm ideologiyasını təbliğ və təşviq edən terrorçu Paşinyan rejiminin müharibə bəyanatları verdiyi, xaricdən terror qruplaşmalarını Qarabağa topladığı və indiki gərginliyin artdığı bir vaxtda Rusiya XİN rəhbərinin bu açıqlaması Ermənistanın təxribatlarına rəvac vermirmi? Bu, havadarlarına güvənən Paşinyanı təcavüzkar hərəkətlərə şirnikləndirmirmi? Sergey Lavrov bu açıqlamaları ilə faktiki olaraq Azərbaycan və Rusiyanın möhkəm dostluq əlaqələrinə və son illərdə daha da artan siyasi münasibətlərə kölgə salmış olur.

Rusiya Prezidenti Vladimir Putin Cənab İlham Əliyevlə səmimi və açıq faydalı görüşlərin hər birində strateji münasibətlərdən məmnunluğunu və Azərbaycanın ərazi bütövlüyünə hörmətini ifadə edib, regionda sülh və sabitliyə töhfə verən bəyanatlar səsləndirib. Belə halda Lavrovun təklif etdiyi “tənzimləmə planı” həm Azərbaycan-Rusiya münasibətlərinin ruhuna xələl gətirir, həm də Moskvanın regionda davamlı sülh və sabitliyi möhkəmləndirmək siyasətinə ziddir. 5 rayon ideyası sadəcə Rusiyadakı maraqlı qüvvələrin məhsuludur və müxtəlif vaxtlarda bu təklif irəli sürülüb və qətiyyətlə rədd edilib. Ulu öndər Heydər Əliyev belə bir planı ortaya atanların əzmkarlıqla sərrast cavabını veribdir. Cənab Prezident İlham Əliyev bu təklifin üstündən birdəfəlik xətt çəkibdir. Beynəlxalq sülh danışıqlarında, Azərbaycan dövləti torpaqlarının heç bir şərt olmadan azad edilməsini başçlıca prinsip kimi irəli sürüb. “Sülhməramlılara” gəlincə, Azərbaycan torpaqlarında hansısa ölkənin və yaxud təşkilatın hərbi birləşmələrindən söhbət gedə bilməz. Azərbaycan müstəqil dövlətdir və ərazisində hansısa silahlı qüvvələrin yerləşdirilməsi qəbuledilməzdir.

Azərbaycan Respublikasının ərazisinə yalnız Azərbaycan Silahlı Qüvvələri nəzarət edir və Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan torpaqları olduğundan burada xarici ölkənin hərbçisinin ayaq izləri ola bilməz. Azərbaycanın Dağlıq Qarabağla bağlı dəyişməz vahid bir mövqeyi vardır. Prezident İlham Əliyev ən ali tribunalarda , ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərdə Qarabağdan erməni hərbi birləşmələrinin çıxarılmasını və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini bəyan edibdir. Azərbaycanın ərazi bütövlüyü yeganə şərtdir. Dağlıq Qarabağa Azərbaycanın suverenliyi altında ancaq yüksək muxtariyyət verilə bilər. Əks təqdirdə heç bir təklif, prinsip, bəyanat qəbuledilməzdir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və açıq bəyanatı hər kəsə aydındır: Qarabağ Azərbaycandır!

Vaqif Abdullayev-siyasi elmlər namizədi, professor
Xəbəri paylaş