Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb



Newscenter.az.8.04.2021. Aprelin 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Newscenter.az xəbər verir ki, Komitə sədri xalqlarımız arasındakı tarixboyu formalaşmış, Ulu Öndər Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” çağırışını özündə ehtiva edən qardaşlıq və dostluq münasibətlərinə diqqət çəkərək Türkiyənin Vətən Müharibəsi dövründə bütün səviyyələrdə daim Azərbaycanın haqq savaşını dəstəkləməsinin növbəti həmrəylik nümunəsi olduğunu və bu dəstəyin hər bir Azərbaycan vətəndaşına fəxarət hissi yaşatdığını bildirib.

Qardaş ölkələrin dini-mənəvi sahədə əməkdaşlığının önəminə toxunan Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Türkiyənin Diyanət İşləri Başqanlığı arasında əlaqələrin daha da dərinləşdiyini qeyd edib. Bu əlaqələrin inkişafında Türkiyənin ölkəmizdəki səfirliyinin, o cümlədən Din İşləri üzrə Müşavirliyin böyük xidmətlərini diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Erkan Özoral fəaliyyətinin Azərbaycanın tarixi zəfər qazandığı bir vaxta təsadüf etməsindən qürur hissi keçirdiyini vurğulayıb. E.Özoral ölkəmizi öz Vətənindən ayırmadığını bildirərək Azərbaycan-Türkiyə arasındakı münasibətlərin yaxınlığı və inkişafı baxımından dünyada oxşar vəziyyətin müşahidə edilmədiyini qeyd edib. Azərbaycanın yüksək səviyyəli tolerantlıq mühiti ilə seçildiyini söyləyən səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin din sahəsində həyata keçirdiyi uğurlu siyasəti, dinlərarası və millətlərarası dialoq işinə bəxş etdiyi töhfələri yüksək qiymətləndirib.

DQİDK sədri ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, həmçinin din sahəsində daha da genişləndirilməsi işinə verdiyi töhfəni xüsusi vurğulayaraq səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mehman
Xəbəri paylaş