Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Qarabağ: Əcdadlarımızın mirası” və “Cəbrayıl-virtual səyahət” filmləri çəkilib



Newscenter.az.4.12.2018
. “Virtual Qarabağ” informasiya – kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Qarabağ və tarixi torpaqlarımız haqqında görüntülü məhsulların yaradılması və İKT resursları vasitəsilə dünya ictimaiyyətinə yayılmasında gənclərin rolunun artırılması-2 mərhələ” adlı layihə başa çatıb. Layihə çərçivəsində “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filmi və “Cəbrayıl-virtual səyahət” 3 D qrafik təsvirli filmi istehsal olunub.

“Virtual Qarabağ” informasiya – kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev Newscenter.az-a məlumat verib ki, 3 dildə - azərbaycan, ingilis və rus dillərində istehsal edilən “Qarabağ – Əcdadlarımızın mirası” adlı sənədli filmi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, doğma Qarabağ torpaqlarının, onun mədəni irsinin Azərbaycana, azərbaycanlılara məxsus olması və bu gerçək həqiqət haqqında erməni yalanlarının ifşa olunması, Ermənistanın əzəli Azərbaycan torpaqları olan Qarabağa ərazi iddiaları haqqındadır. Filmdə Qarabağın yerləşdiyi coğrafi ərazi, onun təbiəti, əhalisi, mədəni irsi, Alban və İslam abidələri, burada mövcud olmuş qədim mədəniyyətlər haqqında, orta əsrlərdə, Xanlıq dövründə, 19 – cu yüz ildə, 20 – ci əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti və Sovet Hakimiyyəti zamanı Qarabağın vəziyyəti barədə, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyanlar, işğaldan azad olunan yeni ərazilərdə quruculuq işləri haqqında fakta söykənən görüntülü məlumatlar verilir.

Digər məhsul - Cəbrayıl haqqında “Cəbrayıl – virtual səyahət” 3 D qrafik təsvirli film də ölkəmizdə həm yeniyetmələrin, həm də gənclərin işğal altında olan torpağımız barədə vizual maariflənməsinə xidmət edəcək. Filmdə işğal altındakı Cəbrayıl rayonunda olan Divlər sarayı,Sirik qalası, 11 tağlı və 15 tağlı Xudafərin körpüsü, Şıxbaba türbəsi, Hacı Qaraman ziyarətgahı, kolxoz bazarı, şahmat məktəbi, Cocuq Mərcanlı məscidi kimi arxeoloji, tarixi, dini və müasir abidlər qrafik təsvirlərlə bərpa olunaraq , nümayiş etdirilir.
Hər iki məhsul internet resurslarında yerləşdiriləcək və beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunacaq. Bundan əlavə layihə çərçivəsində Bakı və regionlarda gənclərlə görüşlər keçirilmişdir. Onlar Qarabağ və digər tarixi torpaqlarımız haqqında məlumatlandırılmışlar. Görüş iştirakçılarına buklet , köynək və papaqlar paylanıb.
Xəbəri paylaş