
Əvvəla onu qeyd edək ki, İranın dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin dost Pakistanın DİN-i ilə görüşdə Azərbaycandn şikayət etməsi diplomatik etika qaydalarına əməl etməmək deməkdir. İkincisi əgər sən bir ölkənin müstəqil xarici siyasət kursunu başqa bir ölkə ilə görüşdə müzakirəyə çıxarırsansa və həmin ölkədən Azərbaycana təsir etməsini istəyirsənsə bu zaman öz acizliyini də nümayiş etdirmiş olursan.
Uzun illərdir ki, regionda qeyri-sabitlik və qarşıdurmalar üzərindən öz təsir dairəsini qoruyub saxlayan İranı bölgədə yeni düzənin qurulması, Suriyanın əldən çıxması o qədər narahat edir ki, Pakistana şikəyət etməyi çıxış kimi görür. Bu narahatlığını isə molla rejimi Vilayətinin dili ilə səsləndirir.
İran Azərbaycan prezidentinin Suriya liderini qəbul etməsini, Azərbaycanın vasitəçiliyi ilə Suriyada Şam rejimi ilə İsrail arasında mümkün diplomatik yaxınlaşmanı, ölkəmizin Suriyada sülhün və əmin amanlığın təmin olunması üçün gördüyü işləri özünün maraqlarına təhlükə kimi görür.
Vilayəti və onun kimiləri narahat edən digər məsələ də Məsud Pezeşkianın Azərbaycana olan xoş münasibətləridir. Odur ki, bütün mümkün vasitələrlə Azərbaycanla bağlı mənfi obraz yaratmağa müxtəlif səviyyəli cəhdlər edilir. Bu təkcə Vilayəti vasitəsi ilə deyil həm də İran Xarici İşlər nazirliyi, ayrı-ayrı ölkələrdəki səfirlər vasitəsi ilə edilir. Çünki İran XİN-i də məhz Vilayətidən gələn sifarişləri icra etməklə məşğuldur.
Vilayətinin Xamenei ofisi ilə Xarici İşlər Nazirliyi arasında strateji əlaqələndirici rolunu oynadığını və İranın xarici siyasətinin formalaşmasında əsas şəxslərdən biri kimi çıxış etdiyini nəzərə alsaq deyə bilərik ki, İranda Azərbaycan qarşı kampaniyanın başında dayananlardan biri də elə Vilayətidir.
Yusif Bağırzadə, politoloq