Newscenter.az.4.12.2018. Rusiya Federasiyasının Dağıstan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Eldar Hacıyev və universitetin professoru, filologiya elmləri doktoru İmpiriat Xalipaeva Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Təhsil ocağından Newscenter.az-a bildirilib ki, qonaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov ölkəmizlə Rusiya Federasiyası arasında olan tarixi dostluq əlaqələrinə diqqət çəkərək, qeyd edib ki, əməkdaşlıq üçün böyük perspektiv mövcuddur. AzTU-nun tarixi, elmi və kadr potensialı, beynəlxalq əlaqələri haqqında geniş məlumat verən professor Xalıq Yahudov, iki universitet arasındakı əməkdaşlığın bütövlükdə elmin inkişafına töhfə verəcəyini vurğulayıb.
AzTU haqqında təəssüratlarının yüksək olduğunu deyən qonaqlar, Dağıstan Dövlət Pedaqoji Universiteti haqqında məlumat veriblər. Qonaqlar, universitetin fakültələri, kafedraları, müəllim-tələbə potensialı və beynəlxalq əlaqələrindən danışıblar. Qeyd olunub ki, Dağıstan Dövlət Pedaqoji Universiteti bir sıra beynəlxalq layihələrdə, o cümlədən ERASMUS+ layihəsində uğurla iştirak edir.
Görüşdə qərara alınıb ki, iki universitetin beynəlxalq təhsil layihələrində birgə iştirak üçün işlər görülsün.
Daha sonra AzTU ilə Dağıstan Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Müqavilədə iki universitetin kompüter mühəndisliyi, enerji mühəndisliyi, informasiya kommunikasiyaları texnologiyaları, texnologiya mühəndisliyi sahələrində əməkdaşlığın edilməsi, müəllim-tələbə mübadiləsi, birgə konfransların, elmi seminarların təşkili əks olunub.