
Spiegel dərgisinin məlumatına görə, Almaniya hökuməti Türkiyəyə 40 "Eurofighter" qırıcısının satışına icazə verib. Türkiyə 2023-cü ildən bəri belə təyyarələrin təhvil verilməsi üçün müraciət etmişdi, ancaq o vaxt kansler Şolzun rəhbərlik etdiyi hökumət müqaviləni təsdiq etməmişdi.
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert İlqar Altay səsləndirib. O deyib ki, həmin bahalı və müasir qırıcılar Britaniya, Almaniya və İtaliyanın birgə şirkətləri konsorsiumu tərəfindən istehsal edilir:
"Onların satışı, ya verilməsi üçün birgə razılıq olmalıdır. Almaniya məsələyə yenidən baxıb, təsdiqləyib.
Eurofighter qırıcıları Türkiyənin müdafiə-hücum qabiliyyətini əhəmiyyətli gücləndirir. Türkiyə hökuməti bu təyyarələri yalnız NATO daxilindəki missiyalar üçün istifadə etməsinə də söz verib.
Fikrimcə, bu qərar indiki dövrdə NATO daxilində hərbi-siyasi münasibətlərin güclənməsi ilə həm də Türkiyənin son dövrdə Qərbə, Avropaya tərəf konkret yaxınlaşmaq və birlik mövqeyinə uyğun, onun hərbi güclənməsinə yönəlibdir. Türkiyənin gücləndirilməsi, təbii, NATO-nun güclənməsidir".
Anar Əliyev