Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda “Şəhid anaları ilə iş” layihəsi çərçivəsində anım mərasimi keçirilib

Sumqayıtda “Şəhid anaları ilə iş” layihəsi çərçivəsində anım mərasimi keçirilib


Sumqayıt şəhərində Şəhidlər Xiyabanı ziyarət olunub.

Newscenter.az xəbər verir ki, ziyarət, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə elan etdiyi Orta Qrant müsabiqəsinin qaliblərindən biri olan “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin “Şəhid anaları ilə iş” layihəsi çərçivəsində baş tutub.

İştirakçılar ilk olaraq şəhid Saleh Səxavət oğlu Nuriyevin məzarını ziyarət ediblər. Ardınca, həmin ərazidə dəfn olunmuş və doğum günü 23 iyula təsadüf edən şəhid Eldar Abdullayevin də məzarı önünə gül dəstələri qoyulub. Ümumilikdə bu gün xatirəsi yad edilən dörd şəhidimizdən yalnız birinin – Saleh Nuriyevin məzarı mövcuddur.

Ziyarətə şəhid ailələri ilə yanaşı, Silahlı Qüvvələr veteranı Mətanət Məhərrəmovanın oğlu, şəhid Elçin Hüseynovun yaxınları da qatılıb. Layihə çərçivəsində həmçinin 1992-ci il itkin düşmüş Kamran Nurulla oğlu Orucov, 1993-cü il itkin şəhid Pənah Ağa oğlu Məhərrəmov, və 1994-cü il itkin düşmüş Arif Ağa oğlu Rüstəmovun xatirələri də anılıb. Xüsusi qeyd edək ki, şəhid Saleh Nuriyev, Kamran Orucovun bacısı oğludur.

Ziyarətdən sonra çay süfrəsi açılıb.

Qeyd edək ki, tədbiri giriş sözü ilə layihə rəhbəri, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas açıb. O, layihə barədə məlumat verərək, şəhid ailələrinə göstərilən diqqətin və bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində rejissor Etibar Məmmədov tərəfindən hazırlanan və şəhidlərin həyat və döyüş yolunu əks etdirən səsli foto slaydlar şəhid ailələrinə hədiyyə olunub. Şəhid anaları layihəyə və təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər. Şəhid anası Ülviyyə xanım qeyd edib:

"Bizə maddi yox, mənəvi dəstək lazımdır. Bu layihədə bizə lazım olan hər şey edilib, təşəkkürümüz sonsuzdur."

Layihənin məqsədi şəhid ailələrinin yaddaşlarda yaşadılması, onların dərdlərinin bölüşülməsi və gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanmasıdır. Tədbirin foto və video materialları hazırlanaraq sosial şəbəkələrdə yayımlanacaq.


Anar Əliyev
Xəbəri paylaş