Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kişinin cinsi toxunulmazlığı da qadınınkı qədər toxunulmaz olunmalıdır

Kişinin cinsi toxunulmazlığı da qadınınkı qədər toxunulmaz olunmalıdır


Azərbaycan Respublikasının cinayət qanunvericiliyində cinsi toxunulmazlıq əleyhinə olan əməllər Cinayət Məcəlləsinin 27-ci fəslində tənzimlənir. Bu fəsildə əsas diqqət zorlama, seksual xarakterli zorakılıq hərəkətləri və cinsi toxunulmazlığa xələl gətirən digər hallara yönəlmişdir. Zorlama cinayətinin klassik anlayışı 149-cu maddədə verilib və burada zorlama dedikdə, zərərçəkmiş şəxsin cinsi əlaqəyə fiziki zor tətbiq etməklə, zor hədəsi ilə və ya köməksiz vəziyyətdən istifadə etməklə məcbur edilməsi başa düşülür. Təcrübədə və qanuni tərifdə bu maddənin əsas obyekti kimi qadın, subyekt isə kişi götürülür. Yəni hüquqi baxımdan 149-cu maddənin tətbiqində cinsi əlaqə kişi cinsiyyət orqanının qadın cinsiyyət orqanına daxil olması kimi qəbul edilir. Lakin hüquqi və ictimai reallıq göstərir ki, yalnız kişilər deyil, qadınlar da bəzi hallarda zorlayıcı və cinsi məcburedici davranışların təşəbbüskarı və icraçısı ola bilərlər. Belə olan halda qanunvericilikdə qadın tərəfindən kişiyə qarşı törədilən zorlamanın tənzimlənməsi ayrıca maddə ilə əks olunmasa da, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150-ci maddəsi – “Seksual xarakterli zorakılıq hərəkətləri” adlı norma bu cür halların cinayət-hüquqi qiymətləndirilməsi üçün hüquqi baza rolunu oynayır.

Qadın tərəfindən kişiyə qarşı cinsi məzmunlu hər hansı zorakılıq, məsələn, onun iradəsi əleyhinə cinsi toxunuşlar, öpüşlər, cinsi orqana fiziki müdaxilələr, təhqiredici seksual davranışlar, əşyaların və ya ağız, əl kimi vasitələrin istifadə olunması bu maddə ilə cinayət tərkibi yaradır. Burada əsas fərq odur ki, 150-ci maddədə cinsi əlaqənin özündən deyil, onun xaricindəki digər seksual xarakterli hərəkətlərdən bəhs olunur. Bu isə o deməkdir ki, qadın tərəfindən kişiyə qarşı zorakılıq seksual məzmun daşıyırsa və zərərçəkmişin iradəsi nəzərə alınmadan icra olunursa, bu əməl cəzasız qalmır və məhz 150-ci maddə ilə hüquqi qiymət alır. Bu məqam həm hüquq-mühafizə orqanlarının, həm də məhkəmələrin diqqətində olmalıdır. Təəssüf ki, ictimai rəydə və bəzi hallarda hüquq mühafizə strukturunda “qadın kişi zorlayarsa, bu cinayət deyil” kimi yanlış və qeyri-ciddi yanaşmalar müşahidə olunur. Halbuki bu cür halların düzgün hüquqi qiymətləndirilməsi həm cinsi bərabərlik prinsipinin təmin olunması, həm də cinsi toxunulmazlıq hüququnun ümumi qorunması baxımından vacibdir. Cinayət hüququ subyektlər arasında cins fərqi qoymadan insan hüquqlarının qorunmasını əsas tutur. Kişinin cinsi toxunulmazlığı da qadınınkı qədər toxunulmaz və hüquqla müdafiə olunmalıdır. Bununla belə, bu cür cinayətlərin sübuta yetirilməsi müəyyən çətinliklər yarada bilər. Fiziki gücə əsaslanmayan, psixoloji və ya situativ təzyiq formasında həyata keçirilən zorlamalarda sübutların toplanması, ekspert rəyinin alınması və ifadələrin uyğunlaşdırılması kimi mərhələlərdə diqqətli istintaq zəruridir. Hətta bəzi hallarda kişilər cəmiyyətin təzyiqindən və ya rüsvayçılıq qorxusundan bu barədə şikayət etməyə belə cəsarət etmirlər. Bu isə bir daha göstərir ki, cinsi zorakılıq məsələsi yalnız hüquqi yox, eyni zamanda sosial və psixoloji konteksdə də qiymətləndirilməlidir.

Nəticə etibarilə, qadın tərəfindən kişiyə qarşı törədilən cinsi zorakılıq Azərbaycan Cinayət Məcəlləsinin 149-cu maddəsi ilə deyil, 150-ci maddəsi ilə kvalifikasiya olunur və hüquqi baxımdan eyni cür təhlükəli və ictimai təhlükəli əməl hesab edilir. Cinsi zorakılığın istənilən formasına qarşı mübarizə cinsindən asılı olmayaraq eyni ciddiyyətlə aparılmalı, hüquq sistemi gender əsaslı yox, hüquq əsaslı yanaşma ilə çıxış etməlidir. Bu həm ədalət prinsipinin, həm də cinsi toxunulmazlığın real təminatıdır.

Əli İbrahimov, hüquqşünas
Xəbəri paylaş