
Rusiya və Azərbaycan arasında artan gərginlik Cənubi Qafqazda geniş spektrdə davam edən güc mübarizəsinin təzahürüdür. Təsadüfi deyil ki, ABŞ, Çin, Aİ kimi qlobal güclər fəal şəkildə regionda özünə dayaq nöqtəsini formalaşdırmağa çalışır. Təbii ki, Rusiya da öz növbəsində mövcud proseslərdən kənarda qalmaq istəmir. Axı bura nə az, nə çox düz iki əsrə yaxın onun diqtəsində idarə olunub. Onların yanaşması sanki Rusiya SSRİ-dir və Azərbaycan, Gürcüstan, Ermənistan Kremldən gələn göstərişlərə qeyri-şərtsiz əməl etməlidir tərzindədir.
Lakin dövran dəyişib və dəyişdiyi kimi də özü ilə yeni reallıqlar formalaşdırıb. Kreml məhz həmin reallıqları yəni, 44 günlük İkinci Qarabağ Müharibəsinin nəticələrinin siyasi məntiqini qəbullana bilmir.
Rusiya rəsmilərinin, deputatların və ekspertlərin tez-tez səsləndirdikləri hərbi təhdidlər isə böyüklükdən daha çox kiçiklik əlamətidir. Məhz həmin fikirlər, mərkəzdən gələn tezislər və onların fonunda aqressiv çıxışlar müasir çağırışlara adekvat reaksiya deyil. Özünü böyük sayan dövlət bu tip primitiv yanaşmalar sərgiləməz.
Bilinməlidir ki, Azərbaycan İkinci Qarabağ Müharibəsi və antiterror tədbirləri ilə ənənəvi narrativlərin üzərindən çoxdan xətt çəkib. Keçən beş ildə Bakının diplomatik fəallığı Cənubi Qafqazı diqqət mərkəzinə çevirib. Lakin həmin zaman taymerində Rusiya çox şey itirib. Uğursuz hərbi aventura və uğursuz diplomatik fəaliyyət kimi. Aydındır ki, Rusiyanın Cənubi Qafqazdakı varlığı münaqişələrə və separatizm meyillərinə əsaslanır. Kreml gözdən pərdə asmaq üçün Ermənistanla sülh danışıqlarını müsbət qiymətləndirir. Arxa planda isə Nikol Paşinyanı devirmək cəhdləri fonunda yenidən revanşistləri hakimiyyətə gətirmək təşəbbüşləri edir. Məqsəd nədir? Yenidən müharibə, yenidən qan və yekunda rusun təşkil etdiyi masa. Lakin Azərbaycan müstəqil siyasət həyata keçirir və regionun siyasi-iqtisadi istiqrarı üçün çalışır. Qurduğu müttəfiqliklərlə də bölgədə yeni konfiqurasiya formalaşdırır. Bunu dəyişməyə isə Rusiyanın gücü yetməz.
Siyasi şərhçi Pərviz Mirizadə