Newscenter.az.6.12.2018. “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində Uşaq evlərinin sakinlərinin sərgiyə ekskursiyası təşkil olunub.
Newscenter.az xəbər verir ki, Bakı şəhərində yerləşən 2 və 3 saylı Uşaq evlərindən 60-dan çox uşaq “Bakutel-2018”-in pavilyon və stendləri ilə tanış olublar. Uşaqlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin stendində təqdim olunan robotexnikaya xüsusi maraq göstəriblər. Startapçılar uşaqlara robotların yaradılması, onların idarə olunması barədə məlumat veriblər. “Azərmarka” MMC-yə məxsus stenddəki rəngarəng marka nümunələri azyaşlıların xüsusi diqqətini çəkib. Onlara milli marka nümunələri və digər hədiyyələr təqdim edilib. Azərbaycanın ilk Regional Data Mərkəzinin xidmətlərinin nümayiş olunduğu “AzİnteTecom” MMC-nin stendində də uşaqlar xüsusi qayğı ilə əhatə olunub. Onlar sərgidə fəaliyyət göstərən digər pavilyonlarla da tanış olub və innovativ oyun zonasında əyləniblər. Uşaqlara “Külək: Yer kürəsinin şahzadəsi”- Azərbaycanın ilk virtual reallıq kitabı hədiyyə olunub.
Uşaqların sərgiyə ekskursiyası sabah da davam edəcək.
Xatırladaq ki, “Bakutel-2018” sərgi-konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Caspian Event Organisers" (CEO) şirkətinin təşkilatçılığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə keçirilir.