Newscenter.az.11.12.2018. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kimya müəllimləri üçün seminarlar keçirilib. Newscenter.az-a Təhsil İdarəsindən bildirilib ki, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunmuş seminarların əsas məqsədi kimya fənninin tədrisi prosesində müasir təlim texnologiyalarından istifadə, dərs planlaşdırması, qiymətləndirmədə müxtəlif üsul və vasitələrdən istifadə zamanı müəllimlərin qarşılaşdıqları problemlərin həlli yollarının müəyyənləşdirilməsi və dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunmasından ibarətdir.
Paytaxtın 12 inzibati rayonu üzrə təşkil olunmuş seminarlarda təlim prosesini əks etdirən dərslər nümayiş olunub, həmçinin kimya fənninin tədrisi zamanı dərsin düzgün istiqamətdə aparılması, müvafiq təlim forma və üsullarının məqsədəuyğun şəkildə seçilməsinin tədrisin keyfiyyətinə təsiri barədə söhbətlər aparılıb, müəllimlərə müvafiq tövsiyələr verilib.
Seminarların sonunda qeyd edilən məsələlərlə bağlı müəllimlərlə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, seminaların tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.
R.Mehdiyeva