Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

64 nömrəli marşrut xətti üzrə sərnişindaşıma yeni avtobuslarla təşkil ediləcək

 64 nömrəli marşrut xətti üzrə sərnişindaşıma yeni avtobuslarla təşkil ediləcək


Newscenter.az.24.12.2018. Dekabrın 26-dan 64 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla təşkil ediləcək. Newscenter.az-a BNA-dan daxil olan məlumata görə, Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən marşrut xəttinin istismarını həyata keçirən əvvəlki daşıyıcının fəaliyyəti tələblərə uyğun qurulmadığı üçün onunla bağlanan müqaviləyə xitam verilib. Belə ki, 64 nömrəli müntəzəm marşrut xətti üzrə hazırda istismarda olan avtobusların texniki baxımdan nasaz olması, sürücülərin peşəkarlıq səviyyəsinin aşağı olması sərnişinlərin haqlı narazılığına səbəb olurdu. Mütəmadi olaraq Bakı Nəqliyyat Agentliyinə bununla bağlı sərnişinlərdən şikayətlər daxil olurdu. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq daşıyıcı fəaliyyətində müsbətə doğru hər hansı bir addım atmayıb. Qeyd edilən hallar nəzərə alınaraq xətt üzrə müvəqqəti sərnişindaşıma xidmətinin göstərilməsi “General avto kompani” firmasına həvalə edilib.

26.12.2018 tarixindən 81 nömrəli müntəzəm marşrut xətti üzrə də sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla təşkil ediləcək.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi paytaxt sakinlərinə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması, sərnişindaşımada keyfiyyətin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdədir. Dövlət başçısının bu sahəyə göstərdiyi qayğısı sayəsində son 3 ildə orta və iri tutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınıb. Həmin nəqliyyat vasitələri Bakı şəhərinin marşrut şəbəkəsində artıq istismara buraxılıb. Bu işlərin davamı olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən daha 300 ədəd iritutumlu avtobus alınıb. Onlardan 280 ədədi 12 metrlik, 20-si isə 18 metrlik avtobuslardır. Hazırda həmin nəqliyyat vasitələrinin paytaxta gətirilməsi istiqamətində iş aparılır.
Xəbəri paylaş