Newscenter.az.24.12.2018. Azərbaycan Respublikasının son illərdə əldə etdiyi uğurlar beynəlxalq aləmdə də diqqətlə izlənilir və xüsusi maraq doğurur. Elə bu səbəbdəndir ki, müntəzəm olaraq xarici media qurumlarında Azərbaycanla əlaqədar silsilə məqalələr, yazılar dərc edilir. Bu günlərdə isə Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu media qurumlarında ölkəmiz eləcə də Azərbaycan Prezidenti Cənab İlham Əliyevlə əlaqədar yazılar işıq üzü görüb. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin ərəb dilli “samanews” və “kolalarab” xəbərlər agentliyi, “eremnews” internet portalı, həmçinin ingilis, çin və rus dillərində nəşr olunan “Avia Most” qəzetində İlham Əliyev: "Müsəlman dünyasının birliyə və həmrəyliyə ehtiyacı var" sərlövhəli məqalə dərc olunub. Məqalədə son illərdə Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri sakinlərinin səfər etmək üçün ən sevimli məkanlardan birinə çevrildiyi bildirilib.
Ölkəmizin mənzərəli yerləri, qış və yay istirahət mərkəzləri, mülayim iqlimi, ləziz mətbəxi, və müsəlman Azərbaycan xalqının BƏƏ-lilərə qarşı son dərəcə istiqanlı və mehriban davranışı BƏƏ-liləri Azərbaycana cəlb etdiyi qeyd olunub. Yazıda vurğulanıb ki, 1991-ci ildə öz dövlət müstəqilliyini qazanmış Azərbaycan Respublikası bütün çətinliklərə tab gətirməyə müvəffəq olub, dünyanın aparıcı şirkətləri ilə neft və qaz yataqlarının istismarına dair sazişlər imzalanıb, köklü islahatlar nəticəsində iqtisadiyyatı inkişaf etdirilib və nəticə etibarı ilə Cənubi Qafqaz regionunun lider ölkəsinə çevrilib.
Məqalədə Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qarşılıqlı etimada söykənən və demək olar ki, bütün sahələri əhatə edən dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğu qeyd olunub, ölkələrimizin iki və çoxtərəfli formatda əməkdaşlıq etdiyi bildirilib. Vurğulanıb ki, hazırda BƏƏ vətəndaşları vizanı elektron qaydada və ya beynəlxalq hava limanlarında rəsmiləşdirməklə Azərbaycana səfər edə bilərlər ki, bu da iki ölkə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin göstəricisi hesab oluna bilər. Dərc olunmuş məqalədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əsasını neft və qaz resursları təşkil edən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əhəmiyyətli addımların atıldığı bildirilib. Qeyd olunub ki, enerji sektorunun inkişafı ilə yanaşı, qeyri neft sektorunun da müsbət dinamikasını təmin etmək məqsədi ilə nəqliyyat, kənd təsərrüfatı, turizm, sənaye, azad iqtisadi zonaların yaradılması və digər sahələr təşviq edilməkdədir. Belə ki, son zamanlar neft-qaz sektorunda çox əlamətdar hadisə baş verib. Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” neft yatağının gələcəkdə işlədilməsi ilə bağlı dünyanın aparıcı neft şirkətləri ilə 2050-ci ilə qədər yeni müqavilə imzalanıb. Müqaviləyə əsasən Azərbaycanın konsorsiumda iştirak payı artırılıb, xarici neft şirkətləri tərəfindən ölkəyə 3,6 milyard dollar bonusun ödənilməsi qərarlaşdırılıb. 2018-ci ilin 29 may tarixində Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olub. Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir ki, onların üçü - “Şahdəniz-2” qaz yatağının işlədilməsi, Cənubi Qafqaz Kəməri və TANAP yekunlaşmış, sonuncu olan TAP layihəsinin böyük bir hissəsi icra olunub.
Yazıda strateji baxımdan mühüm şəraitdə Şimaldan Cənuba və Qərbdən Şərqə - iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycanın əsrlər boyu özünəməxsus körpü rolunu oynadığı vurğulanıb. 2017-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Azərbaycan və Türkiyə Prezidentləri, Qazaxıstanın, Gürcüstanın, Özbəkistanın Baş nazirləri, həmçinin Tacikistan və Türkmənistan nümayəndə heyətlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib. Bildirilib ki, Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan sözügedən dəmir yolu xətti qədim İpək Yolunu polad magistrallar vasitəsilə bərpa edib, bu isə öz növbəsində Mərkəzi Asiya ölkələrinin, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaqdır. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq və bu yol vasitəsilə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağını təmin edəcəkdir. Dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcəkdir.
Eyni zamanda məqalədə vurğulanıb ki, yaxın gələcəkdə Cənub-Şimal dəmir yolunun da istismara verilməsi nəzərdə tutulur ki, bu nəqliyyat dəhlizi vasitəsi ilə Cənubi Asiya istiqamətindən yüklərin Azərbaycan üzərindən Rusiya və Şimali Avropa ölkələrinə nəqli asanlaşdırılacaqdır. Bütün bunlarla yanaşı Azərbaycan Respublikası Çin Xalq Respublikasının təşəbbüsü olan “Bir Kəmər - Bir Yol” meqa-layihəsini də dəstəkləyib.
Yazıda 12 avqust 2018-ci ildə Xəzəryanı ölkələrin imzaladığı Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya barədə də bəhs edilib. Bu sənədin imzalanması regionda əməkdaşlıq proseslərinə təkan verilməsi, dənizin bioresurslarının, ətraf mühitin qorunması və təhlükəsizliyin təmin edilməsi baxımından son dərəcə əhəmiyyətli olduğu qeyd edilib.
Azərbaycanın müxtəlif sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşən unikal bir dövlət olduğunu qeyd edən məqalə müəllifi İslam və Avropa təşkilatlarının üzvü olan ölkəmizin hər iki sivilizasiyaların dəyərlərini özündə ehtiva etməklə onlar arasında təbii körpü rolunu oynadığını bildirib.
Daha sonra Azərbaycanın humanitar məsələlərin müzakirəsinə çox böyük əhəmiyyət verdiyi, ölkədə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlərin keçirildiyi vurğulanıb. Qeyd olunub ki, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, dünya dinləri liderlərinin Bakı Zirvə görüşü, dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumu, altı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir ki, doğrudan da Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilib. Bu tədbirlərdən sonuncusu 2018-ci ilin oktyabrın 25-də VI Bakı Beynəlxalq Humanitar Forumu olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilmiş forumun açılış mərasimində Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla 90-dan artıq ölkədən 400-dən çox xarici qonaq iştirak edib.
Yazıda həmçinin qeyd olunub ki, Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, “Formula 1” kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Azərbaycan Respublikası dünyada artıq idman ölkəsi kimi tanınır. 12-22 may 2017-ci ildə Bakıda keçirimiş İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri iştirak edib. Bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmamışdır. İslamiadanı 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçı izləyib.
Yazıda, İslamın Azərbaycanda hələ 7-8-ci əsrlərdə yayıldığı, və cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə islam dini dəyərlərinin inkişafı istiqamətində böyük işlərin görüldüyü, yeni məscid və məbədlər tikildiyi bildirilib. Xüsusi qeyd olunub ki, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2200-ə yaxınlaşır. Bütün bunlarla yanaşı, Müsəlman dünyasının üzləşdiyi problemlərin gündəmə gətirilməsi, həll olunması istiqamətində də Azərbaycan səylərini əsirgəməyib. Prezident İlham Əliyev İƏT-in rəsmi mətbuat orqanı olan “OIC Journal”-da dərc olunmuş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində oyunların əhəmiyyətini belə xarakterizə edib: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdir
Məqalənin sonunda qeys edilib ki, Prezident İlham Əliyevin ölkədə apardığı inamlı siyasəti Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanır və dəstəklənir. Təsadüfi deyil ki, 11 aprel 2018-ci ildə keçirilmiş ümumxalq seçkilərində cənab İlham Əliyev seçicilərin 86 faizdən çox səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
NEWSCENTER.AZ