Newscenter.az.25.12.2018. İl ərzində dünyanın hər yerindən qonaq qəbul edən Azərbaycan Tibb Universitetində (ATU) bu dəfə Birləşmiş Ərəb Əmirliklərinin Tibb və Sağlamlıq Elmləri Universitetinin nümayəndələri qonaq olub. Newscenter.az-a təhsil ocağından bildirilib ki, nümayəndə heyəti ilə görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov indiyədək universitetin Birləşmiş Ərəb Əmirliklərinin ali məktəbləri ilə təmaslarının olmadığını, ilk əməkdaşlığın məhz bu universitetlə quruduğunu bildirdi. N.Zeynalov BƏƏ-nin Tibb və Sağlamlıq Elmləri Universiteti ilə əlaqələrin qurulmasında, birgə fəaliyyətin həyata keçirilməsində böyük zəhməti keçən Sabrin xanım Ali Azimə təşəkkürünü çatdırıb:
“Çox şadıq ki, bu ilk addım məhz Tibb və Sağlamlıq Elmləri Universiteti ilə atılır. ATU-nun məzunu olan Sabrin xanım sonradan universitetimizin ağız və üz-çənə cərrahiyyəsi kafedrasında ardinatura keçib, namizədliyini müdafiə edib. Sabrin xanım həm də xarici tələbələr arasında ilk dəfə olaraq ATU-nun elmi cəmiyyətində uğurlu çıxışları ilə seçilib”. Nadir Zeynalov Sabrin Ali Azimin köməyilə adıçəkilən universitetlə uğurlu əməkdaşlığın davam etdiriləcəyindən əmin olduğunu bildirdi.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev rəhbəelik etdiyi klinika haqqında məlumat verərək bu müəssisənin artıq ölkə hüdudlarından kənarda da tanındığını qeyd etdi: “Aazərbaycan Tibb Universiteti və Tədris Cərrahiyyə Klinikası artıq xarici ölkələrdə də kifayət qədər tanınır. Biz təcrübə mübadiləsi üçün müxtəlif ölkələrdən tələbələri qəbul edirik. Ümid edirəm ki, BƏƏ universietləri ilə də bu cür əməkdaşlıq uğurlu alınacaq”.
ATU-nun ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov BƏƏ-nin Tibb və Sağlamlıq Elmləri Universitetindən tələbələrin ilk dəfə olaraq məhz bu kafedrada mübadilə keçdiyini bildirdi və bundan məmnunluğunu ifadə etdi: “Belə məsələdə birinci olmaq çətin və şərəflidir. Bu təcrübəni keçmək üçün təşəbbüs irəli sürdük, çətin olsa da, nəticə uğurlu alındı. Tələbələr işimizdən razı qaldıqlarını bildirdilər. Bu, çox sevindirici haldır”. Çingiz Rəhimov bundan sonra digər sahələrdə də əməkdaşlığın yaranacağından ümidvar olduğunu bildirdi.
Birləşmiş Ərəb Əmirliklərinin Tibb və Sağlamlıq Elmləri Universitetinin ağız və üz-çənə cerrahiyyəsi kafedrasının assistenti Sabrin Ali Azim əməkdaşlıq üçün şəraitin yaradıldığına görə ATU rəhbərliyinə, xüsusi olaraq rektor Gəray Gəraybəyliyə
təşəkkürünü bildirdi: “Son illər ərzində ATU-da böyük dəyişikliklər, ciddi islahatların apaıldığının şahidiyik. Xarici ali məktəblərlə əlaqələrin qurulmasına da diqqət artırılıb. Bu, bizi də çox sevindirir. ATU ilə əməkdaşlığı davam etdirəcəyimizə, gələcəkdə digər birgə layihələrin icra olunacağına inanıram”.
Görüşün sonunda ATU-da təcrübə keçən ərəb tələbələrinə sertifikartlar təqdim olundu. Gənclər kursdan məmnun qaldıqlarını, ATU-da keçdikləri praktikanın onların gələcək karyeraları üçün böyük təkan olacağını bildirdilər